"Baş məşqçinin işinə qarışsam, sabah deyər ki. sən mane oldun" - Vitse-prezident

15 Noyabr 2022 16:00 Futzal 541
"Baş məşqçinin işinə qarışsam, sabah deyər ki. sən mane oldun" - Vitse-prezident

“Əvvəlcədən mənə nəticələrin belə olacağını desəydilər, cavab verərdim ki, get, özünü həkimə göstər“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun vitse-prezidenti Mahmud Sadıqov deyib.

Naxçıvan təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində fiaskoya uğrayıb. V qrupunda mübarizə aparan ölkə çempionu"Erebru"ya (İsveç) 2:5, "Loznika Qrad"a (Serbiya) 1:4 və “Mostar”a (Bosniya və Herseqovina) 2:3 hesabıyla uduzub.

Klubu rəhbərliyi baş məşqçi Joze Alesio Da Silvaya bundan dolayı “şiddətli töhmət” verib. M.Sadıqov qeydə alınan nəticələrin onu da şoka saldığını gizlətməyib:

“Təsəvvür edin, komandaya hər cür şərait yaradılıb. Yayda heyət xeyli gücləndirilib, 9 yeni legioner gətirilib.

Avqustdan təlim-məşq toplanışı başlayıb, Alesionun istəkləri tamamilə yerinə yetirilib. Komandanın bu müddətdə heç bir problemi olmayıb.

Fikirləşirdim ki, əsas mərhələdə bütün rəqiblərə qalib gələcəyik. Doğrudur, bura vəsiqə qazanan komandaları zəif saymırdım, ancaq “Araz-Naxçıvan”ın onlardan güclü olmasına şübhə eləmirdim.

Ora gələn komandaların bəzi oyunçularını tanıyırdım, bilirdim ki, hamı “Araz-Naxçıvan”dan çəkinir. İndi siz düşünün ki, hər oyundan sonra mən nə vəziyyətə düşürdüm, gözlərimə inana bilmirdim.

Üç oyunun üçündə də xeyli sayda qol vəziyyəti yaratdıq, ancaq yenə də uduzduq. Bilirsiz, mən vitse-prezidentəm, təşkilati işlərə məsuliyyət daşıyıram. Komandanın işinə qarışmıram.

Oyunçulara da deyirəm ki, vəzifəm meydançadan kənarda olan məsələləri həll etməkdir. Baş məşqçinin öz səlahiyyətləri var.

Ona aid məsələlərə qarışsam, sabah deyə bilər ki. sən mane oldun. Bu sözü niyə eşidim? Nəticələrə cavabdeh olan şəxs Alesiodur.

Nə deyib, nə istəyib, etmiişik. “Araz-Naxçıvan”ın ad-sanı və tarixi var. Klubumuz həmişə Çempionlar Liqasında uğurlu çıxışıyla yadda qaılb.

Baş məşqçinin gətirdiyi legionerlər bu dəfə özünü göstərə bilmədi. Biz onları gətirmişdik ki, Çempionlar Liqasında final mərhələsinə vəsiqə qazanaq.

Azərbaycan çempionatında bu legionerlər olmadan da nəticə əldə edə bilərik. Odur ki, braziliyalıarın bir çoxunu yola salmağa başlamışıq».

Onun sözlərinə görə, Azərbaycan Futzal Federasiyası millini də çalışdıran braziliyalı mütəxəssisə sonuncu dəfə şans verib.

Komanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasa, onunla müqavilə uzadılmayacaq.

Əsas seçmə mərhələnin VI qrupunda yer alan yığmamız ilk 2 turda Polşaya 4:3, Yunanıstana 7:0 hesabıyla qalib gəlib.

Cənubi amerikalı həm millidə, həm də klubda işlədiyindən, qurumun rəhbərliyi onunla bağlı yekun qərarı ümumi nəticələrə əsasən vermək niyyətindədir. Bu, onunla son görüşdə Alesionun diqqətinə çatdırılıb.

“Bosniyadakı nəticələrlə əlaqədar federasiyada toplantı keçirildi. Əvvəlcə vitse-prezidentlə görüşdük. Daha sonra prezident Zaur Axundovun qəbulunda olduq.

O, ciddi narazılığını bildirdi, danladı. Dedi ki, bu nəticələr Azərbaycan çempionu olmuş komandaya yaraşmır. İş prosesində yol verdiyi səhvlər baş məşqçiyə deyildi.

Qarşıdan millinin 2 oyunu var. Komanda martın 3-də Yunanıstanı Bakıda qəbul edəcək. Beş gün sonra da Polşada həlledici oyun olacaq.
Alesionun onadək vaxtı var.

Baş məşqçinin “Araz-Naxçıvan”dakı gələcəyi millinin martda qazanacağı nəticələrdən asılıdır”.

Xəbər Lenti