Azərbaycan klubu baş məşqçiyə “şiddətli töhmət” verdi: “Onun taleyi millidən asılıdır”

8 Noyabr 2022 17:00 Futzal 422
Azərbaycan klubu baş məşqçiyə “şiddətli töhmət” verdi: “Onun taleyi millidən asılıdır”

“Araz-Naxçıvan” futzal klubunun rəhbərliyi baş məşqçi Joze Alesio Da Silvaya “şiddətli töhmət” verib.

Bu haqda Sportinfo.az-a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Futzal Federasiyası millini də çalışdıran braziliyalı mütəxəssisə sonuncu dəfə şans verib.

Komanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasa, onunla müqavilə uzadılmayacaq.

Əsas seçmə mərhələnin VI qrupunda yer alan yığmamız ilk 2 turda Polşaya 4:3, Yunanıstana 7:0 hesabıyla qalib gəlib.

Federasiyanın Alesiodan narazılığının kökündə, əslində, milli dayanmır. Məsələ ondadır ki, Alesionun sükanı arxasında dayandığı "Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsində biabırçı nəticələr əldə edib.

V qrupunda mübarizə aparan ölkə çempionu"Erebru"ya (İsveç) 2:5, "Loznika Qrad"a (Serbiya) 1:4 və “Mostar”a (Bosniya və Herseqovina) 2:3 hesabıyla uduzub.

Cənubi amerikalı həm millidə, həm də klubda işlədiyindən, qurumun rəhbərliyi onunla bağlı yekun qərarı ümumi nəticələrə əsasən vermək niyyətindədir. Bu, onunla son görüşdə Alesionun diqqətinə çatdırılıb.

M.Sadıqovu dinləyək:

“Bosniyadakı nəticələrlə əlaqədar federasiyada toplantı keçirildi. Əvvəlcə vitse-prezidentlə görüşdük. Daha sonra prezident Zaur Axundovun qəbulunda olduq.

O, ciddi narazılığını bildirdi, danladı. Dedi ki, bu nəticələr Azərbaycan çempionu olmuş komandaya yaraşmır. İş prosesində yol verdiyi səhvlər baş məşqçiyə deyildi.

Qarşıdan millinin 2 oyunu var. Komanda martın 3-də Yunanıstanı Bakıda qəbul edəcək. Beş gün sonra da Polşada həlledici oyun olacaq.

Alesionun onadək vaxtı var. Baş məşqçinin “Araz-Naxçıvan”dakı gələcəyi millinin martda qazanacağı nəticələrdən asılıdır”.

Xəbər Lenti