Siyasi "oyun"un bir hissəsi olan SUPER TRANSFER!

15 Aprel 2020 10:45 Fransa 749
Siyasi "oyun"un bir hissəsi olan SUPER TRANSFER!

2017-ci ilin avqustunda PSJ futbol dünyasını heyrətləndirdi.

Paris klubu Neymarı transfer etmək üçün 222 milyon avro ödədi ki, buna da kimsə tutarlı izah verməkdə çətinlik çəkirdi.

Amma Neymarın transferinə sırf futbol rakursundan yanaşmaq olmaz. Bu transferin izi 2015-ci ilə gedib çıxır. Necə fikirləşirisniz, 2015-ci ilin 10-14 dekabr aralığında Neymar nə işlə məşğul idi?

Braziliyalı zədədən sonra bərpa kursu keçirdi. Karnavala hazırlaşırdı, kiçik qardaşının sifətini rəngləyirdi. Neymar heç ağlına da gətirmirdi ki, paralel olaraq Körfəzdə baş verən hadisələr birbaşa onun həyatına təsir edəcək.

Həmin vaxt İraqın cənubundakı səhralıqda ov edən şəxsləri Suriya yaraqlıları girov götürdülər. Girov götürülən şəxslər Qətərin kral ailəsinin üzvləri idi.

Qətər hakimiyyəti düz bir ildən artıq İraqla danışıqlar apardı və girov götürülən 26 nəfər 2017-ci ilin yayında azad edildi. Qətər bunun üçün 1 milyard dollar ödədi. Bunun 300 milyonu yaraqlılara, 700 milyonu isə onlarla danışıqlar aparan İraqın xüsusi xidmət orqanlarının yüksək çinli əməkdaşlarına çatdı.

Davam edək. Neymarın transferindən 2 ay əvvəl siyasi qalmaqal yaşandı. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Yəmən, Liviya və Misir Qətərə qarşı iqtisadi blokada elan etdilər. Onlar bu blokadanı məhz Suriya yaraqlılarına verilən 300 milyona görə tətbiq etdilər. Bu ölkələr iddia edirdilər ki, Qətər terrorçuları maliyyələşdirir.

Təbii, bu blokadanın da siyasi yönü vardı. Uzun müddət Körfəzdə əsas siyasi qüvvə Səudiyyə Ərəbistanı sayılıb. Amma sonradan necə oldusa, kiçik Qətər siyasi arenada fəallıq göstərməyə başladı.

Özü də Qətər dünyaya ideal islam modeli təqdim edirdi – daha demokratik, insan haqlarına hörmət edən dövlət. O, ərəb ölkələrinin yeni imicini formalaşdırırdı.

Təbii, belə Qətər Səudiyyə Ərəbistanına sərf etmirdi. Qətər müstəqil siyasət yürüdür, Səudiyyənin düşməni olan Türkiyə və İranla yaxşı münasibətlər qururdu.

Hətta bu ölkədə Türkiyənin hərbi bazası da yerləşdirilib. Və “Əl-Cəzirə” kanalını da unutmayaq. Qətərə məxsus olan bu kanal ərəb ölkələrindəki hakimiyyətləri kəskin tənqid edirdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Qətərə qarşı informasiya müharibəsi aparırdı. Ölkə terroru dəstəkləyən dövlət kimi təqdim olunurdu. Bu müddət ərzində Qətər informasiya müharibəsinə 1,5 milyard dollar sərf edir.

Koalisiyanın apardığı təbliğat öz işini görürdü. Bəzi Avropa ölkələri DÇ-2022-nin Qətərdə keçirilməsinə qarşı çıxırdı. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə blokadanın götürülməsi üçün 13 şərt irəli sürürdü.

Onların arasında “Əl-Cəzirə”nin bağlanması və Türkiyə bazasının ləğvi də vardı. Üstəlik, koalisiya idda edirdi ki, blokadadan sonra Qətərin iqtisadi durumu ağırdır, demək olar ki, müflis həddindədir və DÇ-ni keçirmək iqtidarında deyil.

Və təhdid edirdilər: Əgər DÇ Qətərdə keçirilsə, koalisiya ölkələri çempionatı boykot edəcəklər. Bu da milyonlarla azarkeşin Qətərə gəlməməsi deməkdir.

Hə, indi də gəlin bir sualın cavabını tapaq. Necə oldu ki, Qətər hakimiyyəti siyasi qalmaqalı superulduzun transferi ilə həll etmək istədi? Qətər şeyxləri yaxşı marketinq planı hazırladılar – Neymarın transferi.

Braziliyalı “Barselona”da Messinin kölgəsindən çıxmağa çalışırdı, Qətər isə imcini bərpa etmək üçün fürsət axtarırdı. Şeyxlər Neymarın transferi sayəsində 3 effektiv iş görməyə çalışdılar:

Cibin hələ də dollarla dolu olduğunu göstərmək. Yəni rəqiblərin, ölkənin blokada nəticəsində müflis olması ilə bağlı yaydığı məlumat yalandır.

Bu transferlə böyük səs-küy yaratmaq, fikirləri DÇ-2022-dən və ölkənin terrorçuları dəstklədiyi ilə bağlı ittihamlardan yayındırmaq. Ölkənin müsbət imici ilə bağlı reklam qurmaq.

“Neymarın transferi Qətərin ayaq üstə olduğunu, ölkənin beynəlxalq arenada böyük oyunçu kimi qaldığını göstərmək üçün vacib idi” – Yaxın Şərq siyasəti üzrə professor Kristofer Davidson belə deyirdi.

“Qətərin bütün strategiyası blokada ilə təhdid edildi. Buna görə, Neymarın alınması adi bir transfer kimi qəbul edilə bilməz – bu, yumşaq gücün klassik təzahürü və Qətərin imicinə yeni bir parıltı vermək cəhdi idi.

Və həm də futbolun dünyanın super güclərinin siyasi oyununa çevrilməsinin təsdiqi " – “The Telegraph” qəzetinin köşə yazarı Pol Hovard yazırdı.

Transfer lazım olduğu kimi işlədi - Avropa rəsmiləri Qətərin jestini gördü və dəyərləndirdi. DÇ-nin Qətərdən alınması ilə bağlı tələblər, demək olar ki, aradan qalxdı. Üstəlik, Qətər blokadadan da yararlandı.

Embarqo tətbiq edilmiş malların istehsalını təmin etdi. İndi demək olar ki, hər kəs DÇ-2022-nin Qətərdə keçiriləcəyinə əmindir. Neymar “Barselona”ya qayıda bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti