
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə qarşılaşacaq Fransa yığmasının hücum xəttində problemlər var.
Usmen Dembele, Desire Due, Bredli Barkola heyətdə yer almayıbsa, Kilian Mbappenin də yığmamızla matçda iştirakı sual altındadır.
Sportinfo.az xəbər verir ki, bu durum yığmanın baş məşqçisi Didye Deşamı narahat edir.
Təcrübəli mütəxəssis hücum xəttində yeniliklər etmək məcburiyyətində qalacaq. Bildirilib ki, yığmamızla qarşılaşmada onun əsas qol ümidi Jan-Pyerr Mateta olacaq.
28 yaşlı forvardın cari mövsüm “Kristal Pelas”ın heyətində parlaq çıxış etməsi Deşamı bu qərarı verməyə vadar edib. Baş məşqçi Matetaya güvəndiyini və ondan daha yaxşı məhsuldarlıq gözlədiyini açıqlayıb:
“O, bildiyi oyunu göstərməli, mümkün qədər təbii oynamalıdır. Mateta həvəsi və keyfiyyəti ilə qarşıdakı matçlarda milliyə fayda verməlidir”.
Qeyd edək ki, oktyabrın 10-da “Park De Prens”də keçiriləcək Fransa – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.