
Azərbaycan millisinin sabiq üzvü Rauf Əliyev Sportinfo.az-a açıqlama verib.
Veteran hücumçu bir zamanlar şərəfini qoruduğu yığma komandanın baş məşqçi postunun Ayxan Abbasova tapşırılmasını şərh edib.
Hazırda "Qarabağ"ın futbol akademiyasında məşqçi kimi çalışan Əliyev federasiyanın qərarını təqdir edib:
"Fikrimcə, çox yaxşı qərardır. Son illər görsənən o idi ki, əcnəbi baş məşqçilər milliyə fayda verə bilmədilər. Yerli məşqçiyə ehtiyac olduğu görünürdü.
Ayxan Abbasov Ukrayna ilə oyunda da öz bacarığını göstərdi. Təbii ki, qısa müddətdə taktiki-texniki nəsə vermək çətindir. Amma komandaya döyüşkən ruh verə bilmişdi.
Məncə, son illər millimizin ən çox ehtiyacı olan şey də bu idi.
İnşallah, uğurlu olar. Ona lazım olan vaxt verilsə sonu yaxşı ola bilər. Əsas olan 1-2 oyundan sonra ortaya hansısa söz-söhbət atılmasın. Məsələn, Fransa kimi rəqibə məğlubiyyət ciddi problem sayılmamalıdır.
Ümid edirəm ki, Ayxan müəllimin millidəki karyerası uzun çəkəcək".
XANOĞLAN