
"İmişli" özü üçün açdığı cığırla davam edir.
Komanda 6-cı turu da xalsız başa vurmadı.
Bu dəfə iddialı "Zirə" önündə bölgə klubu qamətini əymədi.
Qələbəyə yaxın idilər, son dəqiqələrdə bir xala sevinməli oldular.
Mövsümün əvvəli bu gün başverənləri kimə desən, adama dəli kimi baxardı.
Qınamıram, reallıq nə deyir, "İmişli" nələr edir? Tam tərs mütənasib hadisələr gedir.
Uğurlu oyunlar bir-birini əvəzlədikcə baş məşqçi Jorje Kaşkilyanın da iştahı artmaqdadır.
Portuqaliyalı çalışdırıcı sanki özünü suda balıq kimi hiss edir.
Hətta "əlbəttə ki, "Qarabağ"ı da udmaq mümkündür" deyəcək qədər.
Bir məşqçinin komandasına bu qədər inanması xoş hadisədir.
Amma söhbət "Qarabağ"dan gedir axı...
Deyəsən, Premyer Liqamızın yeni siması Ağdam klubunun yaxın tarixdə neçə baş məşqçini istefaya yollamasından xəbərsizdir.
Məncə, bir qədər ehtiyatlı olsa yaxşıdır.
"Qarabağ"a "ilişmək"lə başına iş açmış olmasa yaxşıdır.
Bizdən xəbərdarlıq etmək, gerisini isə zaman göstərər...
XANOĞLAN / SPORTİNFO.AZ