.jpg)
Azərbaycan millisi Fransanın ardınca Ukraynaya da məğlub oldu – 1:2.
Dünya çempionları ilə qarşılaşmada baş məşqçi Ayxan Abbasov start heyətində dörd “Qarabağ”lıya şans vermişdi.
Ukraynalılarla matçda isə bu göstərici altı idi.
Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Toral Bayramov və Elvin Cəfərquliyevə Mahir Emrelini əvəzləyən Nəriman Axundzadə Qismət Alıyevin mövqeyində oynayan Abbas Hüseynov qoşulmuşdu.
Fərqi hiss etdiniz?
Razıyam, yığma yenə müdafiə olundu, futbol adına ciddi heç nə göstərmədi, rəqibin bəxti gətirsəydi hesab arasındakı fərq daha böyük ola bilərdi və sair.
Ancaq söhbət 90 dəqiqə ərzində yaşananlardan gedirsə, “Qarabağ” fərqi, keyfiyyəti, səviyyəsi özünü hər halı ilə göstərdi.
4-cü dəqiqədəki ilk həmlədə Elvin topla uzun məsafəni qət edib Nərimanı qapıçı ilə duelə yolladı, zədədən yeni qayıdan Axundzadə topa düzgün zərbə vurmayıb əla imkanı boşa verdi. “Qarabağ”lı tandem ukraynalı azarkeşlərin nəfəsini kəsdi.
Hesab bərabərləşən dəqiqədə Elvin öz cinahından qapı qarşısına ideal ötürmə verib, Qutsulyakı topu öz qapısına göndərməyə məcbur etdi.
48-ci dəqiqədə başqa bir “Qarabağ”lı Toral Bayramov təxminən 30 metr reyd edib, sol ayaqla özünəməxsus zərbə ilə “çərçivə”yə göndərmək istədiyi top çox az fərqlə qapının yanından keçdi.
Müdafiədəki etibarlılığı ilə adı dillərə düşən Bəhlul, Ukrayna ilə matçda möhtəşəm seryvləri ilə hesab arasındakı fərqin böyüməsinə imkan verməyən Şahruddin də “Qarabağ”ın futbolçularıdır.
Deməyim odur ki, ölkədə “Qarabağ” səviyyəsində azı 2-3 komanda, Elvin, Toral, Bəhlul səviyyəsində 15-20 futbolçu olmayana qədər yaxşı mənada nəyəsə ümid etməyə dəyməz. “Sabah”, “Neftçi”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz”un avrokuboklara vəsiqə mübarizəsini seyr etməklə günü günə satırıq, vaxtın can verməsinə tamaşa edirik.
“Qarabağ”ı “Qarabağ” edən avrokuboklardakı oyunlardır. Avrokuboklara vəsiqəyə yox, orada uğurlu oynamağa can atmaq lazımdır.
HƏBİB / SPORTİNFO.AZ