
Polşa klubu “Motor”da legioner həyatı yaşayan Renat Dadaşov Azərbaycan millisinin son iki görüşündə iştirak etmədi.
Fransızlarla qarşılaşmada adı sifariş ərizəsinə salınmışdısa, ukraynalılarla dueldən əvvəl düşərgəni tərk etmişdi.
Renatın qəfil ayrılığının kökündə səhhətində yaranan problemin dayandığı deyilirdi.
Halbuki səbəb tam başqadır və işin altında futbolçunun narazılığı dayanır.
Belə ki, Fransa ilə matçda start heyətində yer almayan Dadaşov ən pis halda oyunun gedişində mübarizəyə qoşulacağına ümid edib.
Baş məşqçi Ayxan Abbasov hücum planlı futbolçular Mahir Emrelini Nəriman Axundzadə, Rüstəm Əhmədzadəni isə Musa Qurbanlı ilə əvəzləyib.
Baş məşqçinin Renata güvənməməsinin səbəbi Almaniya doğumlu futbolçunun klubunda yetərincə şans qazanması, idmançı formasından uzaq düşməsi ilə bağlı olub.
Bu dəyişikliklər Renata pis təsir edib. “Mahir də klubunda oynamır, ancaq “11-lik”də yer alır” fikrinə qapılan Almaniya doğumlu hücumçu Ukrayna ilə matçda da ilk dəqiqələrdən şans qazanmayacağından duyuq düşüb.
Nəticədə millidə qalmağın vaxt itkisi olduğunu düşünərək, əşyalarını yığıb düşərgəni tərk edib.
Maraq üçün bildirək ki, Dadaşov cari mövsümdə “Motor”un heyətində 9 oyunda 341 dəqiqə şans qazanaraq məhsuldarlıq baxımından heç nə ilə yadda qalmayıb.
HƏBİB / SPORTİNFO.AZ