
Azərbaycanın U-21 millisi qrupda növbəti matçını keçirdi.
Oktyabrın 10-da səfərdə Çexiya seçməsindən 5 cavabsız top buraxan gənclərin Şotlandiya önündə necə tap gətirəcəyi sual doğururdu.
Yığma sözün yaxşı mənasında təəccübləndirməyi bacardı. Fiziki cəhətdən kifayət qədər hazırlıqlı olan Şotlandiyanın qapısına 3 top vurub, rəqibə iki “qırmızı” qazandıran Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv meydanı 1 xalla tərk etdi – 3:3.
Oyunla bağlı uzun-uzadı danışmağa gərək yoxdur. Bütün yaş qruplarından ibarət yığmalarda olduğu kimi, U-21-də də görüləcək işlər həddən artıq çoxdur. Top saxlamağı, hava toplarında inamlı oynamağı, məntiqli hücumlar qurmağı bacarmayana qədər işıqlı gələcəyə ümid etməyin adı yoxdur.
Diqqətimi çəkən məqam şotlandların Bakıda özünü meydan sahibi kimi aparmasıydi. Məşqçilər arasındakı söz atışmasının meydana sirayət etməsi rəqibin vurduğu qollar zamanı özünü göstərirdi. Britaniyalılar sevincini tərbiyəsiz şəkildə (söyüş söyərək) qeyd etməklə bizimkilərin əsəbi ilə oynamağı bacarırdı.
Qazaxıstandan olan hakimlər briqadası ilə sanki Xəzərin o tayından yox, Şotlandiyaya qonşu ölkədən gəlmişdi. Bir çox epizodlarda kobudluqlara göz yumur, qeyri-adekvat hərəkətlərə lazımi qiyməti vermirdi. Gərginliyin qarşısını almaq əvəzinə, buna şərait yaradan da ədaləti qorumalı olan adamlar idi.
Vəziyyətin bu cür alınmasında tribunaların boş olması da öz sözünü deyirdi. Hakimlər və qonaq futbolçularla məşqçilər millimizi heç kimə lazım olmayan şəkildə görüncə, dilləri və əl-ayaqları uzanmışdı.
Bir komanda (milli) öz meydanında boş tribunalar önündə oynamaqla “lazımsız” statusu yaradırsa, xaricdən gələnlərin özünü ev sahibi kimi aparması normaldır.
Sıravi azarkeşlərlə işim yoxdur. Milli komandaların illərdir uğursuz təsir bağışlaması insanların ümid işığını söndürüb. Kimisə Mərdəkana getməyə məcbur etmək də olmur.
Bəs, ölkədə futbolla məşğul olan saysız-hesabsız futbolçu və məşqçilər? Meydanda top dalınca qaçan futbolçuların ailə üzvləri, qohimları, qonşuları, dostları? Məgər onlara stadiona gəlməyi kimsə qadağan edib?
“Liv Bona Dea Arena”da Şotlandiya bayrağını asıb, qonaqları qələbəyə səsləyən 5 nəfərdən ibarət qrup azarkeşliyin ada, titula və nəticəyə söykənmədiyini 90 dəqiqə ərzində necə lazımdır sübut etdi.
Məgər Şotlandiya dünya çempionudur? Yoxsa Azərbaycan millisini meydanda yerlə bir etdi?
Azarkeşlik nəticəyə baxmır. Milli dəyərlərə, bayrağa, himnə, öz xalqına, öz komandana dəstək anlamına gəlir. Şotland fanatlar bunu sübut etdilər.
HƏBİB / SPORTİNFO.AZ