
"Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov Sportinfo.az-a müsahibə verib.
Premyer Liqanın 6-cı turunda "Araz-Naxçıvan"la 1:1 etdiz.
- Oyunun çətin olacağını bilirdik. "Araz-Naxçıvan" güclü rəqibdir. Udmağa yaxın idik, amma ani diqqətsizlikdən qol buraxdıq.
- Üstün oyun keçirdiyinizi düşünsək, bu gün 1 xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Düzdü, qələbə qazanmağa yaxın tərəf idik. Amma təəssüf ki, olmadı. Lakin səhvlərimizə baxaraq, növbəti görüşlərdə bunu bacarmağa çalışacağıq.
- Güclü rəqiblərlə görüşlərdə yaxşı oynayırsınız, amma qələbə gəlmir. Qırılma nöqtəsi nədir?
- Mövsüm təzə başlayıb. Bir az zaman lazımdır ki, yeni oyunçularımız komandaya tam uyğunlaşa bilsin. İrəlilədikcə daha yaxşı olacağımıza inanıram, inşallah.
- Ötən mövsümlə müqayisədə cinah ötürmələrinin kəsəri artıb. Standart vəziyyətlərdə də topun başında səni görürük. Bununla bağlı xüsusilə hazırlaşırsan?
- Baş məşqçimizin qərarıdır. Mənə inandığı üçün təşəkkür edirəm. Amma üzərimdə daha çox işləməyim lazımdır. Daha yaxşı ötürmələr verməyim lazımdır ki, komandamın qollar vurmasında faydalı ola bilim.
- Növbəti rəqibiniz olan "Qəbələ" barədə nələr deyə bilərsən?
- Qəbələ səfəri çətin olur. Amma orada da xallar qazanmağa, yaxşı oyun göstərməyə çalışacağıq.
XANOĞLAN İMANOV