
“Qarabağ”ın Çempionlar Liqasındakı xoş macerası davam edir.
Ağdam təsmilçisi bu dəfə “Kopenhagenə” şans tanımadı.
Bakıdakı görüşə aqressiv başlayan Qurban Qurbanovun komandasının ifasında təhlükəli epizodlar bir-birini əvəzlədi.
Xüsusilə sol cinahda Elvin-Zubir ikilisi qonaqların başının bəlasına çevrilmişdi. Bir-birini gözyumulu başa düşən adıçəkilənlər sürətli ötürmələrlə rəqibin sağ cinahını iflic etməyi bacardı.
Təəssüf ki, eyni aktivlik digər cinahımızda yox idi. Bu da daha çox Kaşukun Zubirdən fərqli olaraq birə-birlərdə rəqibin sayını azalda bilməməsi ilə bağlıydı.
Düzdür, ukraynalı pis matç keçirmədi, amma ideal olduğunu da demək olmaz.
Elə ilk qol da ən aktiv oyunçumuz olan Abdullah Zubirdən gəldi. O, Bikalyonun zərbəsindən sonra dirəkdən qayıdan topu boş qapıdan keçirdi.
Braziliyalıdan söz düşmüşkən, “Benfika” ilə matçın ən yaxşısı seçilən 24 yaşlı yarımmüdafiəçi bu görüşün də ən yaxşılarından idi.
Kritik toplar çıxardı, ikili mübarizələrdə qalib ayrıldı, dönən topları qarşıladı. Bir sözlə, həm müdafiə, həm də hücum planında faydalı iş əmsalı yüksək idi.
Birinci yarını mükəmməl keçirməyimizdə Koxalskinin çıxışlarda, ayaqla ötürmələrdə inamlı olmasını,
Medina, Bəhlul və Silvanin etibarlı müdafiə olunmasının, Kamilo Duranın sivri ucda bir qayda olaraq pressinq etməsi açar rolunu oynayırdı. Fərq ən azı 3 topla ifadə olunmalıydı.
Fasilədən sonra Kaşuk yoruldu, orta xəttə böyük həcimdə iş görən Andrade onun yerinə düşməli, ardınca əvəzlənməli oldu.
Və ən əsası ilk 45 dəqiqədə çox güc sərf edən Duranın fasilədən sonra taqətdən düşməsi qonaqların xüsusilə son yarım saatda əl qolunu açdı.
Danimarkalılar üzərimizə daha çox Silvanin yer aldığı cinahdan gəlirdilər. Təhlükənin qapıda olduğunu sezən Qurbanov Toralı həmin cinaha vinger kimi buraxdı. Nisbətən təzyiq azaldı, amma rahat nəfəsi yalnız Addainin qolundan sonra ala bildik.
Qanalı legioner təkcə qonaq futbolçuları yox, arenada olan hər kəsi təəccübləndirəcək əla qolla yadda qaldı.
Bu, növbəti 3 xalın təminatçısı oldu.
XANOĞLAN İMANOV