.jpg)
Ölkədə futbolun inkişafı ilə bağlı söhbət düşəndə ilk müzakirə obyekti uşaq futbolu olur. Belə də olmalıdır. Axı uşaq futbolunda məqsədyönlü iş görmədən xəyalında olduğumuz uğurları hansı futbolçularla reallaşdıracağıq? Bu baxımdan Azərbaycan klublarının uşaq futboluna xüsusi diqqət ayırması çox vacib nüansdır. Di gəl ki, ölkə klublarının çox azı, bəlkə də barmaqla sayılacaq qədəri bu məsələyə həssas yanaşır. Əslində, uşaq futboluna qayğı deyəndə böyük akademiyalar qurmağa, saysız meydançalar salmağa da ehtiyac yoxdur. Əsas komanda qədər maliyyə ayırmağa da həmçinin. Ən azından adi qayğı ilə də normal nəticələrə nail olmaq mümkündür. İnanın, nəticə də özünü 15-20 il gözlətməyəcək. Elə bir neçə ilə ilk cücərtilərini görəcəksiniz.
Dünən Azərbaycanın U-21 millisi Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşırdı. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunu Azərbaycan tərəfdən bir nəfərin şousu da adlandıra bilərik – Xəyal Əliyev. “Sabah”ın gənc ulduzu zaman-zaman klubda da parlaq oyunu ilə seçilsə də, bunu yığmanın heyətində tam əks etdirə bilmirdi. Amma son oyunlarda onun U-21 millimizin ən fəal üzvlərindən biri olduğunu deyə bilərik. Şotlandiya ilə oyun isə onun bu baxımdan parladığını desək, yanılmarıq. Xəyal bu matçda millimizin qələbəsi üçün bütün bacarığını, hətta bəlkə bacardığından da artığını meydanda qoydu. 2 qol vurdu, penalti qazandı, rəqibə qırmızı vərəqə aldırdı... Maraqlıdır ki, oyunda digər qolu vuran futbolçu da “Sabah”ın üzvüdür – Şahin İbrahimov. “Sabah”ın U-19 və əvəzedici komandasında çıxış edən Şahin, 16 yaşından bu klubun bir parçasıdır. Düzdü, həm Xəyal, həm də Şahin sıfırdan bu klubun akademiyasının yetirməsi deyil. Hər ikisi 16 yaşından “Sabah”ın uğurları üçün çalışır.
Amma futbolçu üçün peşəkar kimi əsas özünü inkişaf mərhələsinin məhz 16-17 yaşından başladığını nəzərə alsaq, bu yöndə “Sabah”ın gördüyü müsbət işi dəyərləndirməmək olmaz. Bu oyunçulara son aylarda əsas millinin heyətində ən tərif olunan oyunçulardan olan, 17 yaşından “Sabah”da çıxış edən Abdulla Xaybulayevi də əlavə etsək, əsl mənzərə aydın olar.
Deməli, məqsədyönlü iş fayda verə bilirmiş. Əsas odur, hər klub əlini daşın altına qoysun, ən azından 15-16 yaşından da olsa Xəyal kimi, Şahin kimi, Abdulla kimi futbolçuları ölkə futboluna qazandırsın. Nəticə? O da özü-özündən gələcək.
Xəlil Sadıq