
Türkiyə Hava Yolları (THY) yenidən Azərbaycan futboluna qayıtmaq istəyir.
2018-2021-ci illərdə «Neftçi»nin forması sponsoru olmuş THY indi də Premyer Liqada başqa bir partnyorla tərəfdaşlıq etmək niyyətindədir.
Sportinfo.az bu barədə mötəbər mənbələrdən maraqlı məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, qardaş ölkənin məşhur brendi hazırda iki variantı nəzərdən keçirir.
Böyük ehtimalla, onlardan biri «Qarabağ»dır. Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparması,
ilk iki turda qələbə qazanması, bununla Avropaya böyük səs salması THY-nın diqqətini çəkib.
Bizdəki bilgiyə görə, qarşı tərəf konkret təkliflər paketi ilə Azərbaycanın ən yaxşı klubuna müraciət etməyə hazırlaşır.
Türkiyə Hava Yolları ilk dəfə hələ 3 il öncə “Qarabağ»la əməkdaşlıq təşəbbüsü irəli sürüb. Dövrü mətbuat onda bir neçə xəbərlə gündəmə gəlib.
Yazılanlara görə, THY həmin vaxt Ağdam təmsilçisinə illik 5 milyon dollar təklif eləyib.
Təklifə əsasən, komanda avrokubok oyunlarına üzərinə THY yazılmış formalarla çıxmalı idi. Lakin onda tərəflər arasında anlaşma əldə etmək mümkün olmamışdı.