XƏBƏRDARLIQ! "Neftçi"ni xoş gələcək gözləyirmi?

19:00 Neftçi 617
XƏBƏRDARLIQ! "Neftçi"ni xoş gələcək gözləyirmi?

"Neftçi"ni sonuncu dəfə belə diri 2020/21 mövsümündə çempion olanda görmüşəm.

Sonrakı 4 mövsümdə 5 baş məşqçi klubun başında olub.

Biz ancaq problemlər izləmişik. Gah rəhbərlik günahlandırılıb, gah da baş məşqçilər.

Bu gün Samir Abasov normal kollektiv formalaşdırıb, işlər pis getmir.

Arxada qalan 7 turun hamısında komanda üstün futbol oynayıb. Yeganə problem qol imkanlarını dəyərləndirə bilməməkdir.

"Zirə" ilə görüşdə bu problem də aradan qalxdı. Komanda iki baxımlı hücum sonrası mövsümdə ilk dəfə bir görüşdə iki qol vurmuş oldu.

Ən çox tənqid olunan Bassala Sambunun belə ayağı açıldı. Hər şey bu qədər yolunda getdiyi anda Kamal Umudlu səhnəyə çıxdı. Çox yersiz penalti verdi və Neftçi yenə xal itirdi.

İşin ağrılı tərəfi odur ki, bu mövsüm oxşar hal artıq neçənci dəfədir yaşanır. "Sabah", "Sumqayıt"la görüşdə penal verilmir, "Turan Tovuz"la matçda Ribeyro haqsız yerə meydandan qovulur.

Bütün uğursuz qərarların arxasında isə İnqilab Məmmədov, Elçin Məsiyev, Əliyar Ağayev, Kamal Umudlu kimi çox təcrübəli hakimlər durur.

Məncə, bu qədər təsadüf ola bilməz. Açıq aşkar görünür ki, kimlərsə "Neftçi"yə qarşı birləşib. Pərdə arxasında "ağ qaralar"ın hər fürsətdə vurulmasının qara planları cızılır. Hər addımda bunu hiss edirik.

Məndə məlumatlar var ki, məqsəd "Neftçi"ni dirçəlməyə qoymamaq, beşikdə boğmaqdır.

Faktlar yoxdur deyə adlar üzərindən gedə bilmirəm. Kimlər olmasını da təxmin edirəm.

"Qara piar"ın iştirakçıları arasında həm "Neftçi"nin düşmənləri yer alır, həm də Samir Abasovu sevməyənlər. İkincilər daha çox sosial şəbəkələrdə aktivdir. Azarkeşləri baş məşqçinin üzərinə qaldırırlar. Müxtəlif statuslarla, şərhlərlə.

Kluba qənim kəsilən digər dəstə isə işini meydanda görür. Bura qədəri aydındır.

Aydın olmayan "Neftçi" rəhbərliyinin hələ də səbr nümayiş etdirməsidir. Məncə, əli masaya sıxmağın vaxtıdır. Proseslərə yalnız klub rəhbərliyi "dur" deyə bilər. Əks halda, "Neftçi"ni xoş gələcək gözləmir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?