Elxan Məmmədov: "Burada ikinci bir nəfər yoxdur ki, ona şans verək"

28 Fevral 13:20 Cüdo 252
Elxan Məmmədov: "Burada ikinci bir nəfər yoxdur ki, ona şans verək"

"Son yarışda istədiyimiz nəticəni əldə etdik. Çünki bizdə 60 və 81 kq çəki dərəcələrində problem var idi.

Uzun müddət idi ki, 60 kq-da uğur qazanmırdıq. Nəhayət ki, Davud Məmmədsoy bu yarışda yüksək nəticə verdi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında kişi cüdoçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Elxan Məmmədov İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqənin nəticələrini dəyərləndirərkən deyib.

39 yaşlı mütəxəssis bildirib ki, turnirdə qızıl medal qazanan Məmmədsoy (60 kq) demək olar ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib: "Bundan sonra hansısa yarışda 3, 5 və ya 7-ci yer tutsa, lisenziyamız olacaq.

Hazırda reytinqdə 32-ci yerdədir. Amma orada elə ölkələr var ki, bir çəkidə iki təmsilçisi var. Onları çıxanda hardasa 22-24-cü yerə düşür. Bundan sonra hansısa yarışda 3 - 5-ci olarsa, 17 və ya 18-ci pilləyə yüksələcək".

Məmmədovun sözlərinə görə, uzun müddətdir 81 kq çəki dərəcəsində də problem müşahidə olunur: "2012-ci ildə Elnur Məmmədlidən sonra bu çəkidə problem var.

Bizdə Murad Fətiyev həmin çəkidə lisenziyaya yaxındır. Ümid edirik ki, gələcək yarışlarda Hidayət Heydərov və Murad Fətiyev lisenziya məsələsini həll edəcəklər".

Böyük məşqçi Heydərovun 73 kq-da daha yaxşı çıxış etdiyini söyləyib: "Çünki hər çəkinin öz güləş tərzi, həm də idmançıya görə hündürlüyü var ki, rəqib ona problem yaratmasın.

Hidayətin texniki səhvləri var. Biz də çalışırıq ki, yarışlarda və məşqlərdə səhvləri görək. Cüdoçuları başa salaq ki, nə necə olmalıdır. Murad Fətiyev bu çəkidə lisenziyaya yaxındır.

Ümid edirik ki, özünü doğruldacaq. Hidayətin isə yaşı azdır. Onun döyüşkənliyi bizə əsas verir ki, 81 kq-da özünü göstərə biləcək. İkinci bir adam yoxdur ki, ona şans verək ki, özünü doğrultsun".

Gənc mütəxəssis 81 kq-dakı digər cüdoçu Zelim Tskayevi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiadaya hazırladıqlarını etiraf edib: "O da gənc cüdoçudur. Bir ildir ki, bizimlədir.

Ona da şans verilir. Tskayevi Paris olimpiadası üçün saxlamışıq. Hidayət və Zelim 81 kq çəkinin reytinqində geridədir. Onlara şans veririk ki, hansı özünü doğrultsa, bundan sonra planı onun üzərində duraq.

Belə baxıram ki, Murad Fətiyev özünü Daşkənddə göstərəcək. Ümid edirik ki, 81 kq çəki dərəcəsində də lisenziya qazana biləcəyik".

İki aya yaxındır zədəli olan Rüstəm Orucovun (73 kq) qarşıdakı Böyük Dəbilqə turnirində iştirak edəcəyini bildirən Məmmədov 66 kq-dakı Orxan Səfərovun qeyri-sabit çıxışının səbəbini də açıqlayıb:

"Orxan təlim-məşq toplanışında xəstələnmişdi. O, ötən ilin sonunda Böyük Dəbilqədə bürünc, Avropa çempinatında isə qızıl medal qazanıb. İnsanın pik və eniş dövrü olur.

Bu, hər bir idmançıya xas xüsusiyyətdir. Heç bir idmançı zirvədə qala bilməz. Başqa növlərdə bilmirəm, amma bizdə belədir. Müəyyən yarışlarda aşağı düşür, amma lazımi turnirlərdə gəlib pikə çatırlar".

O, Telman Vəliyevin (73 kq) Daşkəndə aparılmamasının koronavirusa yoluxma ilə bağlı olmadığını vurğulayıb: "Bu, düzgün informasiya deyil. Sadəcə, zədəli olduğu üçün qarşıdakı turniri buraxacaq".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü