“Kolambus Kryu”nun və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə azərbaycanlı azarkeşlərlə görüşüb.
Sportinfo.az xəbər verir ki, MLS-in Şərq Konfransının VIII turunda “Nyu-Enqland Revolyuşn”a qarşı keçirilən oyundan sonra tribunadan ona səslənərək dəstək olan həmyerlimiz Ceyhun Əlizadə futbolçuya söz verdiyi ləvəngini təqdim edib.
ABŞ-də yaşayan azərbaycanlı azarkeş bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Görüntülərdə Ceyhun Əlizadənin əvvəl dediyi “Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” sözlərinin reallığa çevrildiyi əks olunub.
Qarşılaşma “Kolambus Kryu”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəriman Axundzadə oyuna 88-ci dəqiqədə ehtiyat oyunçular skamyasından daxil olub.

