17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu İslam Həsənov müqavilə əsasında məxsus olduğu Serbiyanın "Srvena Zvezda" komandasına qayıdıb.
Sportinfo.az xəbər verir ki, bu barədə hücumçu özü məlumat verib.
“Qrafiçar” icarəyə götürdüyü yığma üzvünü birdəfəlik transfer etmək istəsə də, "Srvena Zvezda" buna icazə verməyib:
“Bildiyiniz kimi, “Qrafiçar”ın U-19 komandasında çıxış edirdim. Klub məni saxlamaq istəyirdi.
Hətta Serbiyanın başqa komandalarından da təkliflər var idi. Lakin "Srvena Zvezda" məni buraxmaq istəmədi.
İndi müqavilə ilə məxsus olduğum klubun U-19 komandasına qoşulmuşam”, - Həsənov AZƏRTAC-a deyib.
İslam Həsənov “Srvena Zvezda”ya “Sabah”dan keçib. O, 2023-cü ildə Bakı klubunun heyətində 76 qolla AFFA U-15 Liqasının bombardiri olub.

