"Şalke-2"nin azərbaycanlı hücumçusu Rüfət Dadaşov komandasını dəyişib.
Millimizin sabiq forvardı Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"ya (Berlin) qayıdıb.
31-ci turdan sonra Berlin təmsilçisi altıncı pillədədir.
Rüfət 2017/2018 mövsümündə də adıçəkilən klubun formasını geyinib və 25 oyunda eyni sayda qol vurub.
Bir naçə ildir yığmamıza dəvət almayan Rüfət "Şalke-2"ni söz-söhbətlə tərk edib. Helzenkinher təmsilçisinin rəhbərliyi və məşqçilərlə ciddi problem yaşayıb.
Onlar arasında gərginlik Almaniyanın Qərb Regional Futbol Liqasının 32-ci turunda "Boxolt"a məğlubiyyətdən (2:4) sonra özünün pik həddinə çatıb.
Yerli "RevierSport"a danışan Dadaşov komandasını tənqid edib:
"Bu qədər pis oynadığımız vaxtı xatırlamıram. Rəqibə oyunu çox asanlıqla verdik və nəticədə iki axmaq penalti təyin edildi.
Bunu izah etmək mümkün deyil. Dubl etməyim məni təsəlli etmir. Bəzi oyunçular üçün bu, komandada sondan əvvəlki ev oyunu olacaq.
Mən qalib gəlməyə üstünlük verərdim, amma yenə uğursuz olduq. Mövsümün ilk yarısını yaxşı keçirdik, amma son matçlarda hər şeyi məhv etdik.
Bilmirəm, bu, bəlkə də bəzi oyunçuların bundan sonra nə olacağını bilməmələri və ya sadəcə motivasiya olmaması ilə bağlıdır. Yaxud da biz xaraktercə düşündüyüm qədər güclü deyilik.
Həmişə komandamızı komandanı tərifləmişəm, lakin hazırda kifayət qədər yaxşı deyilik. Burada oynayan hər kəs daha çox səy göstərməlidir.
Amma indi göstərdiyimiz oyunla irəli getmirik və komandaya kömək edə bilmirik. Qarşımızda yerinə yetirmədiyimiz vəzifələr var".
Bu açıqlama 45 xalla 9-cu pillədə qərarlaşan "Şalke-2"də birmənalı qarşılanmayıb. Baxmayaraq ki, Rüfət kapitan olub, məşqçilər komandanın içində ona öz sərt etirazını bildirib.
Toplantı zamanı yoldaşları da həmyerlimizi qınayıb, mediaya belə fikirlər söyləməsini doğru saymayıblar.
Hamının üstünə gəlməsini görən hücumçu klubdan ona azad agent statusunun verilməsin istəyib və «Dinamo»nun yolunu tutub.
SPORTİNFO.AZ

