Azərbaycan millisinin forvardı Mahir Emrelinin müqavilə ilə məxsus olduğu "Dinamo" Xorvatiya çempionatında 2022-2023 mövsümünün qalibi olub.
Zaqreb təmsilçisi "Hayduk"la 32-ci turun oyununda (0:0) xallarını 71-ə çatdıraraq, çempionluğunu rəsmiləşdirib.
Paytaxt klubu mövsümün sonuna 4 tur qalmış ən yaxın izləyicisi "Hayduk"u 12 xal qabaqlayıb və Split təmsilçisinin titul qazanmaq üçün riyazi şansı qalmayıb.
Bununla da "Dinamo" Zaqreb ardıcıl 6-cı, ümumilikdə 17-ci dəfə Xorvatiya çempionu olub.
Mahir icarə əsasında "Konyaspor"da çıxış etməsinə baxmayaraq, xorvatlar ona da qızıl medal təqdim edəcək. O, mövsümün ilk yarısını "Dinamo"da keçirdiyi üçün reqlamentə əsasən, qızıl medalsız qalmayacaq.
Emreli üçün bu, Xorvatiyanın ikinci qızılı olacaq. Çünki futbolçu ötən mövsüm də “Dinamo”nun heyətində çempionluq yaşayıb.
O, 2022-ci ilin yanvarında bu klubla 4,5 illik müqavilə bağlayıb. 26 yaşlı hücumçunun anlaşması 2026-cı il iyunun 30-na qədər qüvvədədir.
“Dinamo“ rəhbərliyi adı iştirak ərizəsinə salınmış bütün futbolçularına, həmçinin məşqçi və texniki personala çempionluq mükafatı verəcək. Fondun ümumi məbləği 4 milyon avro təşkil edir.
Əsas komanda üzvlərinin payına düşən vəsait oyun və dəqiqə sayına görə bölüşəcək.
Mahir martadək – Xorvatiyadan Türkiyəyə yollanadək “Dinamo“nun düşərgəsində yer aldığı üçün ona da bu puldan bir miqdar çatacaq.
SPORTİNFO.AZ

