Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Konyaspor"da növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu komandasının səfərdə "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəldiyi Superliqanın XXXI tur matçının iştirakçısı olub.
Görüşə ehtiyatda başlayan forvard 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana çıxıb. Emreli oyun ərzində qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
"Konyaspor"un qollarını 30-cu dəqiqədə Fransisko Kalvo və 45+6-cı dəqiqədə Mame Diuf vurublar. Meydan sahiblərindən isə 13-cü dəqiqədə Mamadu Foll fərqlənib.
Bu qələbə ilə xallarını 42-yə çatdıran "Konyaspor" 8-ci pilləyə yüksəlib. 33 xalı olan "Kasımpaşa" isə 12-ci sırada qalıb.
Mahir Emreli müqavilə ilə "Dinamo"ya (Zaqreb) məxsusdur. O, cari mövsümün sonunadək "Konyaspor"a icarəyə verilib.

