Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunu hərəkətə keçirdi.
Neçə müddətdir ki, bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunduğu qeydə alınırdı.
Buna qədər Azərbaycan Rusiya sülhməramlılarına çoxsaylı müraciətlər etsə də, ermənilərin qeyri-qanuni əməlləri davam edirdi.
Təbii ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşımasına həmişə göz yummaq niyyətində deyildi və bu haqda dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq edilmişdi, bölgədəki sülhməramlıları da məlumatlandırmışdı.
Buna görə də Azərbaycan separatçılara qarşı özü hərəkətə keçdi və ermənilərin bütün silah daşınan yolları nəzarətə götürüldü. Bundan əlavə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində də kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Azərbaycan bəyan edib ki, baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür.
Beynəlxalq ictimaiyyət sülh sazişinin imzalanmasında maraqlıdırsa, Ermənistanı təxribatlara son qoymağa və prosesin pozulmasına yönəlmiş addımlardan çəkinməyə məcbur etməlidir. İndi əsas diqqət Laçın yolunda postun qurulmasına yönəldilib. Yada salaq ki, Prezident İlham Əliyev ötən ay ABŞ-ın dövlət katibinin vasitəçiliyi ilə Münhendə keçirilən görüşdə “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” təklifini rəsmi olaraq irəli sürüb. Amma Bakının rəsmi şəkildə irəli sürdüyü, ABŞ tərəfindən də dəstəklənən təklifə hələ də İrəvanın birmənalı cavabı yoxdur, ən müxtəlif bəhanələrlə bundan yayınır. Üstəlik, yolun guya bağlı olması ilə bağlı hər gün dünyaya yalan məlumatlar ötürür.
Son olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə də toxunub. Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır.
Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

