“Ermənistan adətən təxribatlardan əvvəl dezinformasiya yayır”

25 Mart 2023 08:10 Bizimkilər 238
“Ermənistan adətən təxribatlardan əvvəl dezinformasiya yayır”

“Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik”.

Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan prezidenti Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab olaraq deyib.

Ayxan Hacızadə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində artan beynəlxalq səyləri heçə sayan bu kimi bəyanatlar bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə xidmət edir: “Həm işğal dövründə, həm də 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir.

Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə və kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə və müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir”.

XİN sözçüsü qeyd edib ki, bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!