Azərbaycan çempionatının ən gözəl qolunu vuran şəhid futbolçudan geridə qalan xatirələr…

19 Mart 2023 17:40 Bizimkilər 779
Azərbaycan çempionatının ən gözəl qolunu vuran şəhid futbolçudan geridə qalan xatirələr…

Mirzəliyev Aqil Mehman oğlu - Vətən müharibəsində böyük şücaət göstərən igidlərdən biri.

İsmayıllıda dünyaya gəlib.

2020-ci il, sentyabrın 27-də başlayan II Qarabağ Müharibəsində iştirak edəndə cəmi 21 yaşı var idi.

Bir çox rayon və kəndlərin işğaldan azad edilməsində iştirakçu olur və…

… Vətən savaşında qələbəni bizə daddıran Aqil 1999-cu il, avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb.

Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion adını qazanıb.

İsmayıllıda böyüyən şəhidimiz Azərbaycan Dövlət İqtisad Universitetinə 613 balla qəbul olunub. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri (052) Qarabağ döyüşlərinə qatılır…

Şəhidin anası Aynurə Mirzəliyeva bizə danışır ki, Aqil müharibənin ilk günlərində döyüşlərdə olduğunu ailəsindən gizli saxlayıb.

Telefon danışıqlarının birində anasına "Murovu biz almışıq" deyir.

Qəhrəman oğul böyüdən ananı dinləyək:

"Müharibə başlayandan bir neçə gün keçmişdi, biz elə bilirdik ki, "Yaşma" hələ Qarabağa getməyib.

İki-üç gündən bir zəng vururdu, soruşurdu ki, ana, oralarda vəziyyət necədir, müharibədən nə deyirlər? Mən də ona məlumat verirdim, deyirdim ki, ordumuz filan-filan kəndləri, yerləri ermənilərdən azad edib.

Günlərin birində yenə əlaqə saxladı, həmin sualları verdi. Hiss elətdirmirdi ki, müharibənin ortasındadır. Çox sakit, gülə-gülə danışırdı.

Ona dedim ki, bizimkilər Muravu da götürüb. Bir neçə dəqiqə susdu, sonra qayıtdı ki. ana, Murovu biz almışıq. Donub yerimdə qaldım.

Dedim, can bala… Çox danışa bilmədik, dedi ki, burada telefonla danışmaq çətindir, əksər yerlərdə rabitə işləmir.

Dedi ki, narahat olma, işlərimiz yaxşı gedir, tezliklə qayıdacam».

Aqil Mirzəliyev Murov, Hadrut, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərə qatılır.

Oktaybrın 20-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilir:

«Oğlumun nəşi iki gün neytralda qalıb. Həmin ərazi atəş altında olduğundan, əsgərlərimiz ora yaxın getməyə çətinlik çəkib. Aqilin hər iki ayağını qəlpə «tutmuşdu». Çoxlu qan itirib və şəhid olub».

Prezident İlham Əliyevin müdafiq Sərəncamlarına əsasən, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra), "Kəlbəcərin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Cəsur döyüşçü" medalı (ölümündən sonra) ilə təltif edilib .

2022-ci ildə İsmayıllıda Aqil Mirzəliyevin ad günündə şəhidin adına küçə verilib.

Aynurə ananın dediyinə görə, oğlunun idmana böyük marağı var imiş. Aqil məktəbdə ən fəal şagirlərdən olub, müxtəlif tədbirlərdə fərqlənib.

Hər gün dərslərini oxuduqdan sonra futbol oynamağa gedirmiş: «Özünü idmansız təsəvvür eləmirdi. Müxtəlif növlərə marağı var idi. Ən çox da futbola. İ

smayıllının UGİM komandasının üzvü idi. Boy-buxunu ilə çoxndan fərqlənirdi. 1,85 sm-ə yaxın boyu var idi. AFFA-nın təşkilatçılığı ilə keçirilən müxtəlif turnirlərdə iştirak edirdi.

Yaxşı zərbələri var idi. Hətta U-11 çempionatında Aqilin vurduğu qol ən yaxşı seçilmişdi. Mən inanırdım ki, o, yaşasaydı, təhsillə yanaşı, idmanda da öz sözünü deyəcəkdi.

Çox böyük arzuları var idi. Mən indi onunla təsəlli tapıram ki, oğlum vətən uğrunda döyüşüb və şəhid olub.

Evdə onun əziz xatirəsini yad etmək üçün bir guşə yaratmışam. Aqilə ai dnə varsa, hamısını ora yığmışam. AFFA tərəfindən ona verilmiş lisenziyanı da orada saxlayıram.

«Difai» Futbol Klubunun prezidenti Asəf Məlikov və onunla bərabər digər qazilər evimizi ziyarət edib. Bizə klubun formasını və şərfini hədiyyə veriblər.

Aqil çox arzulayırdı ki, böyük futbolçu olsun, tanınmış bir klubda çıxış etsin».

Aqilin sinif yoldaşı və dostu Elvin Rəsulov deyir ki, o, təhsili və fiziki göstəriciləri ilə həmyaşıdlarına nümunə idi: «Aqillə hər gün idmana gedirdik.

Uzaq məsafədən zərbə vurmağı xoşlayırdı. Deyirdi ki, qapıda dayan, sənə qol vurum. Məktəbdən gələndən sonra günümüz həyətdə, stadionda keçirdi.

Yarışlara gedirdik. Həm idman, həm də riyaziyyat üzrə. Hamı ondan danışırdı. Aqilin şəhid olması məni çox kövrəltdi.

İnana bilmirdim ki, o, artıq həyatda yoxdur, biz bir daha bir-birimizi görməyəcəyik. Özümə gəlmək üçün mənə xeyli vaxt lazım oldu».
Xanoğlan İmanov

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı