Fevralda Avstriyanın Regional Liqa təmsilçisi “Ştadl-Paura” ilə müqavilə bağlayan Amit Quluzadə martın 12-də yeni komandasında debüt matçına çıxdı.
“Gürten”lə ilk oyunundaca start heyətində yer alan həmyerlimiz 12-ci dəqiqədə komanda yoldaşına verdiyi qol ötürməsi ilə yadda qalmışdı.
İnamlı çıxışdan sonra Amitdən daha artığını gözləsək də, növbəti matçlarda adına rast gəlmədik. Adı nəinki meydana çıxanların arasında, ümumiyyətlə, iştirak ərizəsində yox idi.
Ştadl-Pauranın eyniadlı komandası martın 18-də “Kalsdrof”un (2:3), aprelin 2-də isə “Bad Gleyçenberq”in qonağı olub (0:4).
Quluzadənin son görüşlərdə görünməməsinin səbəbini özü ilə söhbətdə öyrənəndə məlum oldu ki, ona məşqdə aldığı zədə mane olub.
Son vaxtlar kollektiv çalışmalardan uzaq düşən 29 yaşlı yarımmüdafiəçinin hazırkı durumu qənaətbəxşdir. Dünəndən komanda ilə məşqlərə start verib, yüklənmə ilə bağlı problemi yoxdur.
Baş məşqçi şans verəcəyi təqdirdə, Amit aprelin 9-da doğma azarkeşlər önündə “Herta” ilə baş tutacaq oyunda meydana çıxa bilər.
Quluzadə futbolçu karyerasında “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Çelik”də (Bosniya və Hersoqovina) və "Milsami"də (Moldova) çıxış edib.
HƏBİB / SPORTİNFO.AZ

