"Dinamo" peşəkarlığı və ya "Legiya"ya NÜMUNƏ

2 Aprel 2022 22:20 Bizimkilər 1 072
"Dinamo" peşəkarlığı və ya "Legiya"ya NÜMUNƏ

Ötən ilin yayı "Qarabağ"ı "Legiya"ya dəyişən Mahir Emreli ilk günlərdən Polşada özünü evdəki kimi hiss etməyi bacarmışdı.

Açığı, hamımız ən yaxşı halda adaptasiya prosesindən sonra yaxşı formada olan Emreli görə biləcəyimizə inanırdıq. Amma forvard ilk matçlardanca adından söz etdirməyi bacardı.

Öncə yoxlama görüşlərində qolları sıralayan futbolçumuz sonra rəsmi matçlarda iş başına keçdi. Məhz onun vurduğu qollar uzun müddətdən sonra "Legiya"nın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsini təmin etmişdi.

Belə ki, adıçəkilən turnirin pley-off mərhələsinin "Slaviya" (Praqa) ilə görüşlərində (2:2, 2:1) komandasının vurduğu 4 qoldan üçünə öz imzasını yazdırmağı bacardı. O, qrup mərhələsində "Napoli" və "Lester" kimi rəqibləri də məyus edə bildi.

Qısası, avrokuboklarda komandanı öz çiynində tək başına apardı da deyə bilərik. Təbii ki, bəlli yerə qədər. Amma daxili çempionatdakı biri iki oyunluq susqunluğa nə fanatlar səbr etdi, nə də rəhbərlik. Ən pis günündə rəsmilərdən ağız dolusu bir dəstək eşidilmədi. Sonu da hər kəsə məlum.

Bir da baxaq Mahirin Xorvatiya gündəliyinə. 25 yaşlı oyunçu üçün yeni macera problemlərlə start götürdü. "Legiya" ilə çəkişmələr səbəbindən komanda məşqlərindən uzaq qalan oyunçu "Dinamo"ya qoşulanda formasından çox uzaq idi. Ona vaxt verildi, uyğunlaşması üçün zaman tanındı və sonra tədricən oyunlarda şans almağa başladı. Meydanda çıxdığı 4 rəsmi maçtda ciddi nə iləsə yadda qalmayan həmyerlimiz bu dəfə zədə qəzası ilə üzləşdi.

Məşqçilər korpusu və azarkeşlər indi də səbrlə onun zədədən qayıtmasını gözləyir. Təzyiq bir kənara, ona yüksək dəstək və inam hiss olunur. Baş məşqçi Jelko Kopiçin son açıqlamasını oxumaq bunu hiss etməyə yetərlidir:

"Emreli lazımi səviyyəyə çatacaq, amma bunun nə zaman baş verəcəyini söyləmək çətindir. Burada bir neçə amil var: onun kluba, komanda yoldaşlarına, liqaya uyğunlaşması və sairə. "Dinamo"ya gəlib dərhal öz keyfiyyətini göstərmək asan deyil. Xüsusən də ən yaxşı formada deyilsənsə və komanda ilə hazırlaşmamısansa. Mahir də hazırda uzun müddət komandadan kənarda qalan digər oyunçular kimidir. Emrelinin keyfiyyətli futbolçu olduğuna əminəm. İnanıram ki, bunu meydanda göstərəcək və hər şey öz yerinə düşəcək".

Belə münasibəti görüb, "Legiya"nı xatırlamamaq olmur. Başqa detallara varmaq lazım deyil deyil. Elə bu tip açıqlamalar belə "Dinamo"nin "Legiya"dan nə qədər peşəkar olduğunu əyani göstərmiş olur. İndi qalır belə dəstəyi layiqli şəkildə qiymətləndirmək.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!