"Qəbələ" ailəsində növbəti toy reallaşıb.
Belə ki, komandanın yeganə azarkeş qrupu olan "Red Black Army" azarkeş qrupunun fəallarından olan Nəriman Mahmudzadə ailə həyatı qurub.
"Qəbələ"li fanatın xoş günündə tribuna dostları və klub rəsmiləri də iştirak edib.
Nəriman özəl günündə də ikinci Qarabağ müharibəsində şəhid olan yaxın dostu və qohumu Təbriz Qasımovu unutmayıb.
Toyun keçirildiyi məkanda şəhid qəhrəmanın böyük fotosu yerləşdirilib. Bundan əlavə bəy və gəlin şadlıq sarayına getmədən öncə Təbrizin məzarını ziyarət edib, dualar oxuyublar.
Təbriz Qasımov, 2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı silahlı qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində könüllü iştirak edib, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə şücaət göstərib.
Təbriz 6 noyabrda Xocavənd uğurunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur․
Şəhid qəhrəmanımız Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğurunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah Təbrizin timsalında bütün şəhidlərimizə rəhmət eləsin!
Ən xoş günündə də onu unutmayan Nərimana isə Allahdan xoşbəxt ailə həyatı arzulayırıq.
Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. 

