Azərbaycan millisinin hücumçusu Mahir Emreli «Dinamo» rəhbərliyindən dəstək alıb.
Zaqreb təmsilçisinin funksionerləri martın 12-də «Hayduk»la keçirilən matçda zədələnən və 55-ci dəqiqədə əvəzlənən forvardla görüşüb, onun son durumu ilə maraqlanıb.
Klub nümayəndələri yığmamızın üzvünə üzləşdiyi vəziyyətdən narahat olmamağı tövsiyə edib və tezliklə sağalmağı arzulayıblar.
Bildiriblər ki, ondan gözləntiləri böyükdür. Rəsmilər deyib ki, hər şey öz əlindədir və azarkeşlər də ona böyük ümidlər bəsləyir.
Emreli "Dinamo"nun "Hayduk"a qarşı keçirdiyi çempionat matçında zədəli halda oynayıb. Bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç yerli mətbuata açıqlamasında bildirib:
"Emreli bizə hazırlıqsız gəlmişdi və koronavirusun ağır formasını keçirdi. Oynamamasının səbəbi də bu idi. “
Hayduk”la görüşdə baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, Polyuddakı matçda onu start heyətinə saldım.
Ancaq ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam elədi və yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik.
Mahirdən soruşdum ki, niyə demədin? Cavabında söylədi ki, komandanı gücləndirmək üçün bura gəldiyimi və məndən çox şey gözlədiyinizi bilirəm.
Derbi matçı keçirilirdi, stadion da dolu idi. Mahir buna görə kömək etmək istədiyini dedi”.
SPORTİNFO.AZ

