
Dünən "Səbail" "Neftçi" oyununda baş verən bir hadisə təkcə həmin oyunu yox, ümumilikdə bütün turu kölgədə qoymuş oldu.
Söhbət Vətən Müharibəsinin iştirakçısı olmuş oyunun baş hakimi Kamal Umudluya futbolçu və hakimlər briqadası tərəfindən yaradılan "Zəfər dəhlizi"ndən gedir.
Əbəs deyil ki, sosial şəbəkələrdə də bu addım yüksək qiymətləndirildi və məlum foto kütləvi paylaşıldı. Bəs görəsən, bu cür alqışa layiq ideyanı kim düşünüb?
Sualımıza cavab tapmaq üçün üz tutduq Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasova.
Həmsöhbətimiz Sportinfo.az-a bunları danışdı: "Nəsə fikir olanda PFL və AFFA kollektivi ilə məsləhətləşirik, sonra ortaq bir məxrəcə gəlirik. Açığı, bu məsələni dünən axşam Aslan müəllimlə mən danışmışdım.
Sonra qrup yaradıb, klublara məlumat verdik. Onlar da çox gözəl qarşıladılar. Bildirdilər ki, biz tərəfdən nəsə lazım olsa, etməyə hazırıq. Həqiqtən, bunu yüksək qiymətləndirirəm".
Qurum rəsmisi məlum hadisənin bu qədər rezonans doğurmasını ümumiyyətlə düşünmədiklərini bildirib:
"Biz bunu rezonans doğurması üçün etməmişik. Biz bunu, sadəcə döyüşlər başlayanda cəbhəyə yollanan və bu yolda canını, qanını, gələcəyini, karyerasını təhlükə altında qoyan və ölümlə üz-üzə dayanan bir insana vəfa borcu kimi elədik.
Həqiqətən, bunun rezonans tərəfini düşünməmişəm. Kamal Umudlaya isə bu gün oyunda öncə bunun necə olacağını tam detallı bildirdim. Yada saldığımız üçün təşəkkürünü bildirdi.
Zəfər dəhlizinin yaradılacağını dördüncü hakim, kapitanlar və klub rəhbərliyi bilirdi. Hətta bəzi futbolçular bunu, ancaq dəhlizin iştirakçısı olanda bildi.
Çox sevindirici haldır ki, bu hadisə gündəmdə saxlandı. Futbola aid olmayan səhifələr də bunu paylaşdılar.
Mən bunun kimin tərəfindən təklif edilməsindən daha çox məsələyə verilən münasibəti yüksək qiymət kimi dəyərləndirirəm. Hansı ki, paylaşan, gündəmə gətirən şəxslər bildirmiş oldular ki, bizim xalqımızın nümayəndələri müharibəyə gedib şəhid, qazi olan şəxslərə qarşı necə həssasdılar".