"İmkanımız buna çatır" - ASLAN ŞAHGƏLDİYEV

20 Yanvar 2020 15:10 Azərbaycan Futbolu 1 101
"İmkanımız buna çatır" - ASLAN ŞAHGƏLDİYEV

Peşəkar Futbol Liqası məhdud imkanlara baxmayaraq, ötən il olduğu kimi, bu il də klublarımızın Antalyadakı yoxlama oyunlarını canlı yayımlayır. Futbolsevərlər hər oyun günü bir qarşılaşmanı PFL-in “YouTube” kanalında izləyə bilir.

Sportinfo.az xəbər verir ki, qol.az saytının müxbiri bununa bağlı qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə danışıb. O, izləyicilərin bu yayıma böyük maraq göstərdiyini bildirib:

“Əsas məsələ budur ki, oyun göstərilsin, insanlar buna baxsın. İzləyicilər də çox razıdırlar. Xüsusilə "Neftçi"nin oyununda izləmə sayı 10 mini keçmişdi. Təkcə Azərbaycanda yox, rəqib komandanın azarkeşləri də izləyirdi. Təbii ki, televiziyanın yayımı daha yaxşı olar. Məsələn, Almaniyada oluruq, bəzi sorğularda iştirak edirik. Onlarda da var, liqa özü internet üzərindən yayımlayır. Orada liqalar bölünüb - Bundesliqa və s. Hər birinin də öz işçi qrupu var. Onlar da öz “YouTube” kanalından bu oyunları təqdim edirlər. Yüksək liqalar yox, aşağı liqalar bunu edir. Bizdə də qarşılaşmalar çoxdur. Hamısını eyni anda göstərmək mümkün deyil. Sadəcə olaraq, imkanımız buna çatır.

Azarkeşlərin yazdığı şərhlərdən görürük ki, əksəriyyəti təşəkkür edir, narazı olan yoxdur. Hətta elə televiziyalar var ki, icmalları hazırlamaq üçün bizim kanaldan götürüb, xəbərlər proqramı üçün material olaraq təqdim edə bilirlər. Yəni, informasiya qıtlığı yaşanmır. Hazırda bizim media nümayəndələrimizin və ya televiziya orqanlarımızın çoxunun Antalyaya gəlməyə maddi imkanı yoxdur. Canlı yayım göstəririk. Bu, onlar üçün də bir dəstəkdir”.

Aslan Şahgəldiyev imkanlarının məhdud olduğundan çəkiliş zamanı bir videokameradan istifadə etdiklərini deyib: “İmkanımız buna çatır. Amma həqiqətən də yayımın keyfiyyəti çox yüksəkdir. 80 HD-nin ən yüksək keyfiyyətidir. Özünüz də yəqin ki, izləyirsiniz. PTS ilə istədiyimiz keyfiyyəti əldə edə bilmirik deyə, 3-4 kamera ilə yayımlamaq istəmirik. Oyunları göstəririksə, gərək, bunu yüksək keyfiyyətlə edək. Gələcəkdə düşündüyümüz planları həyata keçirə bilsək, mini montaj studiyası qurmağı fikirləşirik”.

Görüşlərin əksəriyyətinin şərhsiz yayımlanmasına da toxunan PFL rəsmisi gələcəkdə bu məsələni həll edəcəklərini qeyd edib: “Ötən il ümumiyyətlə, şərhçi məsələləri alınmırdı. Bu işi gördükcə yavaş-yavaş ideyalar gəlir. Məsələn, keçən il oyunu çəkdik, problemlər çıxırdı. Sonra yoluna qoyub, yüksək keyfiyyətlə təqdim edə bildik. "Neftçi"nin qarşılaşmasında şərhi sınadıq. Çox yaxşı alındı, problem olmadı. Gələcəkdə istəyirik ki, yayım zamanı şərh də olsun. Yenə deyirəm, bir neçə kameradan istifadə edərək çəkiliş aparsaq, həmin oyunlarda şərhdən, hətta təkrarlardan belə, istifadə etməyi düşünürük. Bu, maliyyə ilə bağlı olan məsələdir”.

Digər Xəbərlər
Xəbər Lenti