Elxan Məmmədov bütün əxlaq normalarına tüpürdü!

19 Yanvar 2020 19:10 Azərbaycan Futbolu 1 784
Elxan Məmmədov bütün əxlaq normalarına tüpürdü!

AFFA nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, federasiyanın 2020-cı il yanvarın 28-də təşkil olunacaq növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.

Dünən qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer
1. Zaur Axundov - “Keşlə” FK tərəfindən
2. Rauf Əliyev - “Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov - “Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov - “Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

İcraiyyə Komitəsinin 11 nəfərlik əvvəlki tərkibini bir daha xatırlayaq:
1. Rövnəq Abdullayev (AFFA prezidenti)

Regional Futbol Federasiyaları
2. İsgəndər Cavadov (Şimal RFF)
3. Kazbek Tuayev (RFF)

Peşəkar Futbol Liqası
4. Elşad Nəsirov (Neftçi)
5. Qurban Qurbanov (Qarabağ)
6. Rauf Əliyev (AZAL)
7. Vaqif Sadıqov (Sumqayıt)

Sahə Futbol Federasiyası
8. Mahir Məmmədov (Futzal Federasiyası)
9. Zaur Axundov (Sahə Futbol Federasiyası)

İctimai Futbol Təşkilatı
10. Elmar Məmmədyarov (Ümumazərbaycan Futbolsevərləri İB)
11. Firudin Qurbanov (Azərbaycan Futbol Hakimləri Birliyi)

Yenilənmiş və üzvlərinin sayı 13-ə çatdırılmış siyahıdan göründüyü kimi, Peşəkar Futbol Liqası İctimai Birliyinə ayrılmış 5 yerdən 4-ü AFFA-ya, belə deyək ki, Elxan Məmmədova tabe olan klubların təmsilçiləri tərəfindən «zəbt edilib».

Ölkənin klub həyatında müstəqillik rəngini qoruyan "Qarabağ", "Qəbələ", "Sabah" və "Zirə" rəhbərliyindən bir kəs İcraiyyə Komitəsində təmsil olunmayacaq.

Hərçənd "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun ali orqanla yer alması müzakirəyə çıxarılmışdı və deyəsən, o, burada iştirak xatirinə iştirak etmək istəməyib.

Bu siyahını AFFA-nın baş katibi hazırlayıb və korrektə edib. Nizamnaməyə "əl gəzdirən" də Elxan Məmmədovdur. O, yenə də özünü fikirləşib və gələcəyini qablaşdırıb. Baş katib postunda son günlərini yaşayan E.Məmmədov İcraiyyə Komitəsinə üzv seçilməklə, icraçı vitse-prezident vəzifəsinə qapı açıb.

12 ilin baş katibi yanvarın 8-də bu barədə danışarkən, "hər eşitdiyinizə inanmayın" cavabıyla ona yönələn sualdan yayınmışdı. Baxın, yalançı bu adamın özüdür. Elxan Məmmədovun nəinki hər, ümumiyyətlə, heç bir dediyinə inanmağa dəyməz.

AFFA yanvarın 28-də rəsmən onun olacaq. FİFA və UEFA-nın strukturunda zidd olaraq yaradılan icraçı vitse-prezident kürsüsünə yiyələnəcək zat İcraiyyə Komitəsinin üzvləri arasından seçiləcək və onların heç biri Elxan Məmmədova rəqib deyil.

Ümid var idi ki, kənar sahələrdən sürpriz bir isim AFFA-ya gətiriləcək. Proqnozların heç biri həqiqətin gözündən keçmədi.

Elxan Məmmədovun istədiyi də bu idi və o, müəyyən dairələri yenə öz yalanlarına inandırdı. Ən azı daha 4 il futbolumuz onun ayağının altında inləyəcək, can verəcək. Lap Vaqif Sadıqov icraçı vitse-prezident təyin edilsə belə, bu, Elxan Məmmədovun ziyanına işləməyəcək, tam əksinə, əlini bir qədər də gücləndirəcək.

Salıqov kimi «müqəvva»nı idarə etməkdən asan iş ola bilməz. Pulunu ver, qapazı vur başına, sənin istədiyini desin. İllərdir 1000 manat qarşılığında Məşqçilər Komitəsinin sədri kimi AFFA-da «kukla»lıq edir.

Yanvarın 28-də bütün təyinatlar rəsmiləşəndən sonra ola bilsin, Elxan Məmmədov brifinq keçirsin. Bugünün baş katibi, ogünün icraçı vitse-prezidentinə, yəqin ki, ayın 8-dəki "hər eşitdiyinizə inanmayın" bəyanatını xatırladan tapılacaq.

Onun bütün əxlaq normalarına tüpürərək, nə cavab verəcəyini indidən bilin: "Başa düşürsüz, yanvarın əvvəlində belə bir məsələ gündəlikdə yox idi. Özüm də istəmirdim. Lakin AFFA prezidentinin və üzvlərinin təkidindən sonra bu vəzifəyə keçməyə razılaşmaq məcburiyyətində qaldım".

SPORTİNFO.AZ

Xəbər Lenti