COP29

AFFA Premyer Liqada klub sayını artırmaqdan yenə imtina eləsə…

18 May 15:00 Azərbaycan Futbolu 1 263
AFFA Premyer Liqada klub sayını artırmaqdan yenə imtina eləsə…

Yenilənmiş AFFA İcraiyyə Komitəsinin 13 may tarixində keçirilən ilk iclasında Premyer Liqada yeni mövsüm də 10 komanda olacağı rəsmi təsdiqini tapdı.

Qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Klub sayının artırılacağına ümid bəsləyənlər az deyildi.

Buna görə Rövşən Nəcəfin komandası az tənqid olunmur.

Belə söhbətlərə birdəfəlik son qoymaq üçün AFFA rəhbərliyi hərəkətə keçməlidir.

Builki vəziyyəti hardasa başa düşmək olar.

Çünki uzun illər Premyer Liqa 8 komandan ibarət idi. Digər liqalar fəaliyyət göstərmirdi.

Ötən mövsümün əvvəli klub sayı 10- qaldırıldı, Əvəzedici Liqa, Birinci və İkinci Liqalar bərpa olundu. Uzun illər məhv olunan klubların yerinə qısa müddətdə bu qədər komanda tapmaq, futbolçu heyəti formalaşdırmaq elə də asan deyildi.

Arxada qalan iki ildə sistem bir xeyli təkminləşib.

Bu gün İmişlidə, Yevlaxda, Zaqatalada, Mingəçevirdə, Saatlıda daha peşəkar klublar formalaşıb.

Hər biri qarşıdakı mövsüm çempionluq üçün mübarizə apara bilər.

Amma yenə tərəddüd var - görəsən, növbəti mövsüm Premyer Liqada neçə klub olacaq?

AFFA erkən qərarla həmin tərəddüdü aradan qaldırmalıdır.

Gələn ilin mayında yox, bu mövsümün sonu rəsmi olaraq açıqlanmalıdır ki, növbəti mövsüm Premyer Liqaya neçə klub vəsiqə qazanacaq.

Əgər 2025/26 mövsümü üçün planda 12 komandalı çempionat nəzərdə tutulubsa, bu, o anlama gəlir ki, Birinci Liqadan 3 klub yüksək liqaya vəsiqə qazancaq.

İndidən qərarı rəsmi açıqlamaq lazımdır ki, klublar yay fasiləsində işini ona uyğun qursun.

Bu gün çempionluq hədəfini qarşısına qoya bilməyən X klub bəlkə də gümüş, bürünc medallar uğurunda mübarizə apara biləcək kollektiv formalaşdıra bilər.

Və yaxud da 2025/06 mövsümündə də Premyer Liqada 10 komanda olacaqsa, qarşısına çempionluq hədəfi qoya bilməyən klublar əlavə xərcə düşmədən ortabab statuslu komanda formalaşdıra bilsinlər.

Veriləcək erkən qərar klub rəhbərlərinin konkret addımlar ata bilməsinə zəmin yaradacaq.

Bundan başqa sponsorların işi asanlaşmış olacaq.

Əgər indidən bəlli olsa ki, Birinci Liqada 2 və 3-cü pillənin sahibləri elitaya buraxılacaq, belədə hansısa sponsor əlini daşın altına qoya bilər. Hansısa kluba sahib çıxıb, maliyyə ayırıb elitaya gətirməkdə maraqlı olacaq.

Bir sözlə, vaxtında verilməyən qərarlar sonda haqlı olaraq böyük narazılıqlara yol açır.

Düzdü, burada əsas məsələ dövlətin ayırdığı dotasiyadır.

Söhbət heç də az məbləğdən getmir.

Bu gün söz verib, sabah pul ayıra bilməmək kimi sıxıntı da yaşana bilər.

Amma istənilən halda bir yolunu tapmaq, haqlı iradları aradan qaldırmaq mütləqdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!