Qara – ağa ağ, qaraya qara

6 Aprel 19:40 Azarkeş 807
Qara – ağa ağ, qaraya qara

Oyunun ikinci hissəndə yaşanan Qara Qarayev-“İmarət” münaqişəsindən ən çox rahatlıq tapan “Neftçi” rəhbərliyidir. Bazada oturub, ümumi mənzərəni müşahidə etməklə gülümsəyirlər.

Ağdamlıların sabiq futbolçusu ilə azarkeşləri arasında yaşanan söz atışması matçın yekun nəticəsini kölgədə qoydu. Hakimin final fitindən bu dəqiqəyə gedər müzakirə mövzusu hələ də Qaranın təhqir olunmasıdır ki, “2 nömrə” özü də istəmədən 0:4-ü unutdurmağı bacardı.

“Neftçi”nin köpəyi Qara Qarayev” – bu şüarı səsləndirmək normal idimi? Mənə görə yox. Birinin digərini heyvan adlandırması nə insanlıq prinsiplərinə, nə də hüquq normalarına sığır. Lap ən nifrət etdiyin futbolçu olsa belə, onu itlə bir tutsan, qayıdıb sənə cavab verəcək. Bunu heç kim götürməz. İllah da Qarayev.

Təbii ki, Qarayevin azarkeşlərdən incimək haqqı yoxdur. “Dünənə görə çox sağ ol, bu günə görə cavab ver” – hamının bildiyi məsəldir. Futbolçu vaxtilə “Qarabağ”ın uğurları üçün əziyyət çəkib, klub da qarşılığını artıqlaması ilə verib. İstər məşhurlaşmasında, istərsə də maddi planda. Di gəl, Qarayev əfsanəsinə çevrilə biləcəyi klubu heç bir tutarlı səbəb olmadan tərk etməklə özünü gözlərdən salıb.

Məsələnin kökündə guya “Qarabağ”da az oynaması dayanırdı. Statistikanı qurdalamayanlar inana bilər. Amma mənə görə qəti belə deyil. Ötən mövsüm 10-u avrokuboklarda olmaqla ümumilikdə 40 oyuna çıxan futbolçu nədən, kimdən narazı ola bilərdi? Patrik Andradenin transferindən sonra cari mövsümdə daha az oynayacağından?

Qurban Qurbanovun kiməsə ədalətsizlik etdiyini demək 2 yaşlı uşağa qatil damğası vurmaq kimi bir şeydir. Yankoviç-Romao-Benzia “üçlüy“ü ilə işim yoxdur. Patrik, Riçard, Qara mübarizəsində hansı hazır olacaqdısa, o da oynayacaqdı. Rəqiblər üstün olsa, onlar oynayacaq, Qara ehtiyatda oturacaqdı. Ya da əksi yaşanacaqdı. Peşəkarlıq, əfsanə olmaq həvəsi, böyüklük budur məncə.

Sevilirdi, oynayırdı, qazanırdı – başqa nə lazım idi Qarayevə? 2-3 il də pis-yaxşı oynayıb, karyerasını başa vurmaq ən ağıllı seçim idi. Yoxsa əzəli rəqiblə müqavilə bağlamaq həvəsi ilə 20 ilini verdiyi klubdan ayrılmaq və bunu daha çox oynamaq istəyi ilə əlaqələndirib bu gün “Neftçi”də ikinci dərəcəli statusu daşımaq – bu, “Qarabağ” azarkeşlərinə xoş gələ bilər?

İstənilən halda ona olan münasibət dəyişməyəcək. Adam öz zəhməti ilə tikdiyi evin təməlində elə bir çat yaradıb ki, daşlar çətin tab gətirsin.

Odur ki, Qaranın tənqid edilməsi, tribunalardan təzyiq görməsi, məsxərəyə qoyulması futbolda görməyə alışdığımız normal haldır. Amma bunu təhqirsiz, söyüşsüz etmək lazımdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti