“Neftçi” Premyer Liqanın ardınca ölkə kubokunda da uğursuzluqla üzləşdi.
Çempionluq titulunu vaxtından əvvəl “Qarabağ”a verən “ağ-qaralar” kubok mübarizəsində “Zirə”yə boyun əyməklə 2021/22 mövsümünü titulsuz başa vurmuş oldu.
“Neftçi”nin zirəlilərə yenilgisindən sonra bakılı fanatlar sosial şəbəkələrdə sözün əsl mənasında üsyan edir. Uğursuzluğa səbəb kimi ayrı-ayrı futbolçuların zəif oyunu qabardılsa da, böyük əksəriyyət suç sahibi kimi Samir Abasovu görür.
Baş məşqçini “Neftçi”yə yaraşdırmayanların sayı kifayət qədərdir. “Neftçi”nin sosial şəbəkə hesablarında və azarkeş səhifələrində tənqid və təhqirlərin arası kəsilmir.
Aralarında küçə söyüşləri ilə təhqirlər olsa da, şərhlərin arasından nisbətən mədəni etirazları diqqətinizə çatdırırıq.
“Bu insan özünə hörmət etmir”.
“Mən yenə yazıram, bu, o posta layiq deyil. Samballı məşqçi lazımdır futbolumuzun flaqmanı “Neftçi”yə”.
“Rədd ol!”
“Olmaz ki özün istefa verəsən? Gərək gözləyəsən rəhbərlik çıxartsın səni? Uduzmadığın yarış qalmadı. Avropada bütün turnirlərdə uduzdun, indi də belə”.
“Utanmır, deyir, gələcəyə baxacağıq. Səninlə gələcək yoxdur, çıx get!”
“Utanmasan oynamağa nə var ki?! Rədd ol, get!”
“Samir Abasova qapını göstərməyin vaxtıdır”.
“Ala başına, kül başına” oyununun axırı belə olur da, ay Samir. Oyunçuların və sən özünüzə başqa sənət tapın”.
“Samiri göndərib, “Sumqayıt”ın belaruslu baş məşqçisini gətirmək lazımdır”.
“Yapon xoruzu Patonu da götür bas bayıra, Samir Abasov”.
“Bu sezon bərbad oldu. Heyf biz azarkeşlərin əziyyətindən. Haqqımızı sizə halal etmirik. Samirə əlvida deyək. Yeni məşqçi ilə yeni mövsümə hazırlaşın”.
“Samir bəy, halal olsun! Çox sağ ol! Həqiqətən aktyorluğu bacarırsan. Deyirəm, utanmasan oynamağa nə var? Ay kişi, get özünə bir iş tap. Niyə özünü söydürürsən?”
“Samir deyir gələcəyə baxırıq. 5 metr uzağı görə bilmir”.
“Samir bəy, “Sabah”da, “Səbail”də çalışa bilərsən, amma çempionluğa oynayan “Neftçi” sənlik deyil”.
HƏBİB

