İstər “Xan” ol, istər “Xəzər” ol - Lənkəranlı tərəfdarlardan TUTARLI ÇAĞRIŞ

14 Fevral 2022 19:40 Azarkeş 1 376
İstər “Xan” ol, istər “Xəzər” ol -  Lənkəranlı tərəfdarlardan TUTARLI ÇAĞRIŞ

5 illik fasilədən sonra, nəhayət, ötən yay həvəskar səviyyədə olsa da belə Lənkərana böyük futbol qayıtdı.

Yeni yaradılan "Xan Lənkəran" ilk günlərdən iddiasını göstərməyə başladı.

Region Liqasında çıxış edən kollektiv Antalyada toplanış keçdi. Bunu heç Premyer Liqanın bəzi klubları belə bacarmır.

Liqanın səviyyəsinə görə kifayət qədər sanballı futbolçular da heyətə cəlb edildi. Aralarında Lənkəranlıların sevimlisi olan sabiq "Xəzər Lənkəran"lılar da az deyil.

İlk matçlardan komandanın oyunlarında olan izdiham da yerli camaatın futbol üçün necə "ac" olduğunu göstərmiş oldu.

Amma bütün sadalanan xoş məqamlara rəğmən "Xan"a qarşı fikirlər birmənalı deyil. Yerli tərəfdarların bir qismi nikbin ola bilmirlər. Əsas səbəb isə komanda rəhbərliyinin AFFA-nın baş katibi Elxan Məmmədovla görüşməsidir.

Məhz həmin görüş fanatların könlünə şübhə toxumu səpmiş oldu. Ki, klub federasiyadan asılı olacaq.

Cənublu tərəfdarlar isə təbii ki, heç bir halda buna razı deyillər. Ən böyük istəkləri müstəqil olmalarıdır. Eynən Mübariz Mənsimovun "Xəzər Lənkəran"ı kimi.

Asılılıqdansa, yoxluğu üstün seçirlər.

Eyni şeyi "Xan Lənkəran"a dəstək olan, varlığına sevinənlər də arzulayır və ümid edir. Əbəs deyil ki, son matçda onlar da indiki rəhbərliyə mesaj verməyi məqsədə uyğun bildilər. Dünən "Ümid" komandası ilə keçirilən matçda fanatların tribunada qaldırdığı "İstər "Xan", istər "Xəzər" ol
Mübariz ol, daim var ol!" pankartına başqa izah tapmaq mümkün deyil.

Gedişat onu göstərir ki, AFFA-nın kurasıyasında olacaq komandanı Lənkəranda bəsləmək o qədər də asan olmayacaq. Bunu hazırkı rəhbərlik də nəzərə almalıdır.

Bir müddət sonra xərclədikləri pullar boşa getmiş olmasın. Müstəqil olmağa AFFA mane olursa, asılılığa da yerli tərəfdarlar gec-tez son qoyacaqlar.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti