Neftçi”, onların qədrini bilin, sevindirin! – AD GÜNÜ ÇOCUKLARI

10 Fevral 2022 17:40 Azarkeş 779
Neftçi”, onların qədrini bilin, sevindirin! – AD GÜNÜ ÇOCUKLARI

Dünən “Neftçi”nin sadiq azarkeş qrupu “Forza Neftçi”nin ad günü idi.

Qrupun yarandığı gündən 13 il ötür.

Geridə qalan 13 ildə “ad günü çocukları”nın hansı əziyyətə qatlaşdığını futbolun içində olanlar və biz jurnalistlər yaxşı bilirik.

Qar-boran, qızmar günəş bilmədən stadionlardakı yerini tutan, səfər oyunlarına yollanan, marşrutla Bakıdan Moldovaya gedən bakılı oğlanlar sevdiklərini komanda üçün canlarından keçməyə hazır olub və bu gün də hazırdır.

Tribunada yaratdıqları möhtəşəm ab-havaya, komandanın uğursuzluğua edilən etiraza görə gecələri polis bölmələrində keçirən “dəli” fanatların “Neftçi”nin 8 ildən sonra qazanılan çempionluqda əməyi heç də az olmadı.

Məhz onların tələb və dəstəyi nəticəsində klub rəhbərliyindən tutmuş ən gənc futbolçusuna kimi, hər kəs “qızıl”ın vacibliyini anlayıb yekunda hədəfə çatmağa nail oldu.

Bu gün Müsəllim, Rüfət, Teymur, Afiq, Murad kimi qardaşları yanlarında deyil. Amansız xəstəlik və şəhidlik zirvəsi onları bir-birindən ayrı salsa da, “Forza”nın üzvləri hər oyunun 44-cü dəqiqəsində dostlarını yada salır, xatirələrini ehtiramla anırlar.

Onlar həm də Azərbaycanın idman mətbuatının, eləcə də, Sportinfo.az-ın sadiq oxucularıdır. Həyatlarını futbola həsr edənlər könül verdikləri komandayla bağlı əksər xəbərləri bizdən əldə edirlər.

Bu gözəl gündə onlara nə arzu edə bilərik?

“Neftçi”nin növbəti çempionluğunu və avrokubokların qrup mərhələsinə vəsiqə qazanmağı. Məşqçi və futbolçu heyəti o gözəl günləri sizə yaşatmalıdır. Çünki haqqınızdır.

O gün olsun, ölkə futbolu arzuladığımız səviyyəyə çatsın. Bununla da təkcə 1A sektorunu yox, “Bakcell Arena”nı büsbütün doldurasız.

Ad gününüz mübarək, “Neftçi”nin təmənnasız sevgililəri!

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti