Azərbaycan klubları üçün qış fasiləsi bu həftə başa çatdı.
Premyer Liqa klubları ayyarımlıq həsrətə ölkə kubokundakı 1/4 final mərhələsinin görüşləri ilə son qoymuş oldu.
Amma matçlara olan maraq azarkeşlərin heç də klublarımız üçün darıxdığını, həsrət çəkdiyini göstərmədi. Onsuz da, hər zaman klublarımızın oyunlarına azarkeş marağının zəifliyindən şikayətlənmişik.
Amma bu dəfə uzun fasiləni və klubların bir çox yeni futbolçularla yenilənməsini nəzərə alıb diqqətin artacağını gözləmək olardı.
Sən saydığını say, gör fanatlar nə sayır. 4 kubok qarşılmasına vur-tut 2000 azarkeş gəlib. Onun da yarıya yaxını "Neftçi" - "Sabah" qarşılaşmasında olub - 700 azarkeş.
Ən pis olanı isə odur ki, ən az sayda tamaşaçı "Qarabağ"ın oyununa gəlib. 10 gün sonra "Marsel"lə pley-off matçına çıxacaq komandanın görüşünü 300 nəfərdən artıq izləyən olmayıb.
Unutmayaq ki, bu mərhələdəki bütün komandalar Premyer Liqanı təmsil edirdi. Ən azından son çempion "Neftçi"yə və Avropada tarix yazan "Qarabağ"a görə maraq bu həddə zəif olmamalıydı.
Aşağı-yuxarı nəzəri hesablama onu göstərir ki, matçları klubların fanat qruplarından başqa izləyən olmayıb. Bunun da bir adı var - biabırçılıq!
Sonda oyunlar üzrə statistikanı da sizə təqdim edirik
"Qarabağ" - "Keşlə" - 300 tamaşaçı
"Neftçi" - "Sabah" - 700 tamaşaçı
"Zirə" - "Səbail" - 400 tamaşaçı
"Sumqayıt" - "Qəbələ" - 600 tamaşaçı
XANOĞLAN / SPORTİNFO.AZ

