Yanvarın 28-də Bakı Apellyasiya Məhkəməsində vergi borcuna görə həbs edilən "Bakı"nın prezidenti Hafiz Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Hakim Kamran Əkbərov onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.
Məhkəmə bildirib ki, iş adamı dövlətə olan 1 milyon manat borcunu tam ödəməlidir.
Vəkillərinin sözlərinə görə, H.Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 mini ödəyib. Hazırda isə Məmmədovun borcu 1 milyon manatdır.
Dövlət Vergi Xidmətindən bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.
Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.
Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Bu hadisə sosial şəbəkələrdə geniş müzakirə edilir. Sportinfo.az-ın "facebook" səhifəsinə bununla bağlı yazan kifayət qədər oxucu var. Onlardan bir neçəsinin rəyini təqdim edirik:
Xeybər Sadıxov: "Azərbaycan futbolu üçün böyük işlər görmüş Hafiz Məmmədovu müdafiə etmək, darda qoymamaq lazımdır. İndi onun sayəsində çörək sahibi olanların vicdanı sizildamalıdır. Ona yardım olunmalıdır. Əl tutmaq Əlidən qalıb".
Talib Bağırov: "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun həbsinə butun dunya azərbaycanlıları, yuksək mənsəb sahibləri öz etiraz səslərini ucaltsalar da, olan yenə də ona oldu. Sahibi olduğu butun əmlakını əlindən aldılar, amma müflis edə bilmədilər. Nə komandanın 15 minlik.stadionunu, nə də digər əmlaklarını. Hafiz Məmmədovun müdafiəsi daha çox çətin olacaq. H.Məmmədov M.Mənsimov kimi dunyada o qədər də tanınmır, sevilmir. Azərbaycanlılar bir il ərzində və gunu bu gun də M.Mənsimovun yanındadır, ona mənəvi dəstəklərini göstərirlər. Azərbaycan futbolu uçun böyuk işlər görmüş, ölkənin ən geniş imkanlara malik olan iki sahibkarının taleləri necə də bir-birlərinə bənzəyir. M.Mənsimov 1 il öncə Turkiyədə müxtəlif şər-böhtanla həbs edildikdən sonra onun sərvətini ələ keçirməyə çalışdılar. İndi də "Bakı"nın sahibi H.Məmmədovun həbsinə növbə çatmış oldu (onsuz da, əvvəlki illərdə sahib olduğu sərvəti dağıtmışdılar). Sonra da haray-həşir qoparırlar ki, Azərbaycanda biznesmenlər futbola sərmayə qoymaq istəmir, sponsor tapmaq olmur. Butun bu biabırçılığı görən biznesmen hansı ağılla hansısa futbol komandasına sponsorluğu boynuna göturər ki? Azərbaycanda futbolun gələcək inkişafı çox çətin məsələdir. AFFA və onun bütün strukturlari tam şəkildə buraxılmalı və yeni, gənc, iş bacaran şəxslər iş başına gəlməlidir ki, Azərbaycan futbolunda bir dönuş görə bilək".
Fərid Hüseynov: "Hafiz Məmmədov "Bakı"FK, həmçinin ölkəmizin dünyada tanınması ilə bağlı böyük işlərin müəllifi olub. Çox təəssüf ki, iş adamının işləri qaydasında getmədi və problemlər yarandı. İndi 1-2 milyona görə Hafiz Məmmədov kimi bir şəxsin həbsdə yatması… Nə deyim, vallah… Allah köməyi olsun!"
Müqabil Qurbanlı: "Onun Azərbaycan futbolu üçün etdiklərini heç kim etməyib. Heyf! Yaxşı adamın hər şeyini əlindən aldız, bəs yaratdığı baza və stadionun nə günahı vardı? O qədər stadionsuz klublar var, oranı ən azından birinə vermək olardı. AFFA nın başında o olsaydı, indi bizim futbol bu gündə olmazdı".

