Azərbaycanda kreditlər bağlı yeni MÜHÜM QƏRAR

07:20 Araşdırma 231
Azərbaycanda kreditlər bağlı yeni MÜHÜM QƏRAR

Azərbaycanda kart bazarı böyüməyə davam etsə də, rəqəmlər daxilində diqqət çəkən ziddiyyət formalaşıb.

Yanvarın sonunda banklar və "Azərpoçt" MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı aylıq müqayisədə 176 min artaraq 22 milyon 156 minə çatıb.

İllik artım 11 faizdir ki, bu da nağdsız ödənişlərin genişlənməsi və bank xidmətlərinə çıxışın artması fonunda gözlənilən dinamika kimi qiymətləndirilə bilər. Lakin ümumi artımın arxasında fərqli mənzərə var.

Belə ki, debet kartları 13.3 faiz artdığı halda, kredit kartlarının sayı 7.6 faiz azalıb. Yəni bazar böyüyür, amma borclanma alətləri geri çəkilir. Bəs görəsən kredit kartlarının azalmasının səbəbi nədir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

"Məqsəd izafi borclanmanın qarşısını almaqdır"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, kredit kartlarının azalması əsasən onların verilmə şərtlərinin dəyişdirilməsi ilə bağlıdır: "Mərkəzi Bank tərəfindən kredit xətti üzrə yeni qaydalar hazırlanıb və bu qaydalara əsasən, vətəndaşın rəsmi gəliri ilə ona açılan kredit xətti arasında birbaşa əlaqə müəyyənləşdirilib. Məqsəd vətəndaşların izafi borclanmasının qarşısını almaq, kreditləşməni daha məsuliyyətli etməkdir. Bu addım borclanmanın nəzarətdə saxlanmasına və risklərin azaldılmasına xidmət edir. Bu proses həm də istehlak kreditləşməsinin zəifləməsi demək deyil. İstehlak kreditlərinə tələb hələ də qalır və kredit portfelində artım müşahidə olunur".

V.Bayramovun fikrincə, yenilik vətəndaşları izafi borclanmadan uzaqlaşdırır: "Əvvəlki dövrlərdə kredit kartları üzrə rəsmi gəlirlə açılan kredit xətti arasında tam mütənasiblik müşahidə olunmurdu. Nəticədə bəzi banklar və poçt qurumları tərəfindən yüksək məbləğli kredit xətləri təklif edilirdi və nəzarət mexanizmləri indiki qədər sərt deyildi. Bu isə bir sıra hallarda vətəndaşların artıq borclanmasına səbəb olurdu. Xüsusilə gəlirlə müqayisədə böyük limitlərin açılması sonradan ödəniş çətinlikləri yaradır, gecikmələr və əlavə maliyyə öhdəlikləri formalaşdırırdı. Yeni qaydaların tətbiqi kredit kartlarının sayına birbaşa təsir göstərib, çünki kredit kartı faktiki olaraq kredit xəttinin açılması deməkdir və hər bir yeni kart potensial borclanma imkanı yaradır. Kredit kartlarının azalması tələbin zəifləməsi deyil, bazarın optimallaşdırılması kimi qiymətləndirilir. İzafi borclanma uzunmüddətli perspektivdə maliyyə sabitliyi üçün risk faktoruna çevrilə bilərdi".

"Kredit kartlarının sayında yenidən artım gözlənilir"

Millət vəkili bildirdi ki, bu dinamika kredit kartlarının növbəti dövrlərdə də azalacağı anlamına gəlmir: "Rəsmi gəliri olan və kredit kartı əldə etmək istəyən kifayət qədər vətəndaş mövcuddur və müraciət edən şəxslərə onların gəlirlərinə uyğun limit müəyyən edilir. Yəni bazarda tələbin tamamilə itməsi deyil, daha selektiv və ölçülmüş kreditləşmə modeli formalaşır. Yeni qaydalar tətbiq olunduqdan sonra bazar müəyyən müddət reaksiya verir, daha sonra isə yeni şərtlərə uyğunlaşaraq tarazlıq formalaşdırır. Adaptasiya mərhələsindən sonra kredit kartlarının sayında yenidən artımın mümkün olduğu istisna edilmir və bazarın daha dayanıqlı struktur üzərində inkişaf edəcəyi gözlənilir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti