Azərbaycanda “ƏDV geri al” sistemi ilə bağlı yeni dəyişiklik gözlənilir.
Yaxın günlərdə bu mexanizmin tam avtomatlaşdırılması planlaşdırılır.
Bu isə vətəndaşların alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin geri qaytarılması prosesinin daha sürətli və sadə olmasına imkan verə bilər.
Yeni modelə əsasən, bank kartı ilə edilən ödənişlər zamanı kassa çekinin məlumatları avtomatik şəkildə elektron sistemdə əks olunacaq və vəsaitin geri alınması üçün müraciət prosesi minimuma endiriləcək.
Məlumata görə, layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Birbank (Kapital Bank) və PAŞA Bank ilə birgə həyata keçiriləcək. Qurumun rəhbəri Orxan Nəzərli bildirib ki, bu addım həm şəffaflığı artıracaq, həm də vətəndaşların vəsaiti daha operativ əldə etməsinə imkan yaradacaq.
Bunun üstünlüyü nədir? Daha kassadan ƏDV qəbzi almağa ehtiyac olmayacaq?
Globalinfo.az-a danışan iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, ilkin mərhələdə “smart ƏDV”nin geri qaytarılması sistemi iki bank vasitəsilə tətbiq olunacaq:
“Dövlət Vergi Xidməti tərəfindən yaxın günlərdə bununla bağlı daha detallı açıqlamaların verilməsi gözlənilir. Gözlənti ondan ibarətdir ki, məlumatların tam elektronlaşdırılması həyata keçiriləcək. Smart kassa aparatlarından istifadə edilərkən həmin məlumatlar avtomatik olaraq sistemə ötürüləcək və ƏDV-nin geri qaytarılması üçün hesablanan məbləğ vətəndaşın elektron kabinetində və ya hesabında görünəcək”.
Deputat əlavə edib ki, hazırda söhbət iki bankla əməkdaşlıqdan və həmin bankların kart sahibləri üçün bu imkanın yaradılmasından gedir:
“Təbii ki, növbəti mərhələdə daha çox bankla əməkdaşlığın qurulacağı gözlənilir. Bu prosesin məqsədi sistemin tam elektronlaşdırılmasıdır. Praktik olaraq vətəndaş ödəniş etdiyi zaman “ƏDV-ni geri al”la bağlı məlumatları avtomatik şəkildə görə biləcək və kağız çeklərin ayrıca emalına ehtiyac qalmayacaq. Bu, prosesin elektronlaşması anlamına gəlir. Bununla belə, rəsmi açıqlamalardan sonra bütün detallara tam aydınlıq gətiriləcək”.

