Azərbaycanda dövlət qulluğu uzun illərdir sabit və təminatlı iş sahəsi kimi qiymətləndirilir.
Xüsusilə də pensiya təminatı baxımından dövlət qulluqçularına tətbiq olunan qaydalar cəmiyyətdə daim maraq doğurur.
Son illərdə əmək pensiyaları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər isə bu sahədə şərtlərin daha da sərtləşdirilməsi ilə nəticələnib.
Bir tərəfdən pensiya yaşının artırılması, digər tərəfdən isə tələb olunan staj müddətinin uzadılması dövlət qulluğunda çalışan və ya bu sahədə fəaliyyət göstərməyi planlaşdıran şəxslər üçün mühüm məqamdır.
Bəs dövlət qulluqçusu kimi pensiya almaq üçün konkret olaraq neçə il bu sahədə çalışmaq lazımdır və hansı yaş həddi əsas götürülür? Mövcud qanunvericilik bu məsələyə necə aydınlıq gətirir?
Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov konkret.az-a açıqlamasında bildirib ki, 1 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” qanuna əsasən, şəxsə dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün minimum 5 il dövlət qulluğu stajı kifayət edirdi.
“1 iyul 2017-ci ildən sonra qüvvəyə minən dəyişikliklərə əsasən isə dövlət qulluqçusu kimi pensiya almaq istəyən şəxsin ən azı 15 il dövlət qulluğu stajı olmalıdır. Bununla yanaşı, dövlət qulluqçusu kimi pensiya almaq üçün şəxsin mütləq şəkildə 65 yaşı tamam olmalıdır”.

