
İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Həmçinin iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Məlumata görə, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Qazax, Tovuz, Samux, Ağstafa, Salyan, İmişli, Sabirabad, Yevlax, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Ucar, Saatlı, Şamaxı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Quba, Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Xızı, Qobustan və Hacıqabulda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.