COP29

Tanınmış idmançılar gəlinini doğrayan qocanın 155 min manatını alıb - MƏHKƏMƏ İŞİ

6 Oktyabr 19:25 Araşdırma 1 226
Tanınmış idmançılar gəlinini doğrayan qocanın 155 min manatını alıb - MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb və onunla birlikdə ittiham olunan idmançı Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasına zamində olan Elman Mirzəyev gecikib.

Hakim ona xəbərdarlıq edərək deyib ki, növbəti məhkəməyə gecikərsə, barəsində tədbir görüləcək.

Daha sonra dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib. İttihama görə, Səbuhi Rəcəbə yeni cinayət işinin başlanmasına səbəb 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.

Bu yerdə xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələrini toplayıb zibil qabına atıb.

Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətməsini etiraf etdiyi ifadəsi yayılıb. Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar.

Həmin vaxt Səbuhi Rəcəblə tanış olublar. İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib.

Razılaşmaya əsasən, Səbuhi Rəcəb İdris Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş. Bu məsələlərin həll edilməsi üçün Səbuhi Rəcəb İdris Məhərrəmovun kürəkənindən ayrı-ayrı vaxtlarda 155 min manat pul alıb.

Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.

Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsi ilə İdris Məhərrəmovun cəzasının şərti cəza ilə əvəz etdirəcək.

Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İdris Məhərrəmovun yaxınları aldanıldıqlarını qəbul ediblər.

Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Səbuhi Rəcəb Elman Mirzəyevlə birgə daha bir dələduzluqda ittiham olunur.

Onun digər cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İdmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vədi verərək külli miqdarda pul ələ keçiriblər.

Səbuhi Rəcəb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Digər təqsirləndirilən şəxs də özünü təqsirli bilməyib.

Prosesə sədrlik edən hakimlər əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə məhkəmənin başlanmasını təklif edib. Prokuror da bu təkliflə razılaşıb. Təqsirləndirilən şəxslərin vəkilləri əvvəlcə zərərçəkmiş şəxslərin dindirilməsini istəyiblər.

Vəkillər bildiriblər ki, təqsirləndirilən şəxslər özlərini təqsirli bilmirlər, bu səbəbdən də əvvəlcə zərərçəkmişlərin dindirilməsini məqsədəuyğun hesab etməyiblər.

Amma məhkəmə əvvəlcə təqsirləndirilən şəxslərin, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi barədə qərar qəbul edib.

Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Elman Mirzəyev isə əvvəl həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb.

Növbəti proses oktyabrın 14-də davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti