COP29

Alver, “söhbət xırdalamaq”, maşın satmaq – Türklərlə müqayisə

20 İyun 22:40 Araşdırma 378
Alver, “söhbət xırdalamaq”, maşın satmaq – Türklərlə müqayisə

Türkiyə - Gürcüstan matçında birincilərin əsas heyətinin yarısı qürbətçi türklər idi.

Qürbətçi əslən türk olmasına baxmayaraq, ölkədən kənardan doğulub boya-başa çatanlara deyirlər.

Türkiyə seçməsinin 3:1 hesablı qələbəsində vacib rolu da elə onlar oynadı.

Həmin an ağlımdan keçən sual türklər Avropada futbolçu kimi yetişməyi bacardığı halda bizimkilərin niyə top ustasına çevrilə bilməməsi ilə bağlı idi.

Deyək ki, Azərbaycanda bacarıqlı məşqçilər yoxdur, infrastruktur ən son standartlara cavab vermir, uşaqlar süni örtük üzərində böyüyür. Bəs Avropada yaşayanlarımız?

90-cı illərdən bu yana dünyanın hər yerinə milyondan artıq azərbaycanlı səpələnib. Avstraliyadan ABŞ-a qədər hər yerdə bizimkiləri görə bilərsən. Ancaq bu günə qədər bir nəfər də olsun səviyyəli futbolçu yetişməyib.

Türk də Avropada anadan olur, azərbaycanlı da. Türk də Avropa klubunun futbol məktəbinə gedir, azərbaycanlı da. Türkün də iki ayağı var, azərbaycanlının da. Belədirsə, niyə onların Kenanı, Ferdisi, Orkunu, Merti var, bizdə yoxdur?

Səthi düşünəndə sual cavabsız qalır. Ancaq bir qədər dərinə gedəndə daşlar öz yerini tapır. Məlum olur ki, türkiyəli istedadlarda olan xarakter və istək bizimkində yoxdur. Məsələn, Arda Güler “Real”ın əsas heyət üzvünə çevrilməkdədir. Azərbaycanlı futbolçunu isə klubun qapısından içəri buraxmazlar.

Bir az da düşünürsən. Aydınlaşır ki, azərbaycanlıların futboldan başqa nəyə desən marağı var.

Məsələn, avtoritet olmaq həvəsi, maşın alveri etmək bacarığı, meyvə-tərəvəz satmaq istedadı – bu sahələrin hər biri bizimkilər üçün yaradılıb sanki.

Uşaqlarımız da gözlərini açandan evdə ya alver sözünü eşidirlər, ya da “söhbət xırdalamaq”.

Böyüdükcə də valideynlərini təqlid etmək, bu sahədə daha çox uğur qazana biləcəklərini göstərmək üçün ora can atırlar.

Var, niyə yoxdur? Avropada yaşayan azərbaycanlıların arasında gələcəyi parlaq futbolçuları tapmaq mümkündür. Ancaq onlar da Azərbaycandakılar kimi müəyyən yerə kimi gəlirlər.

Çünki başlarını qaldırandan sonra ayaqlarının altını görmür və tez yıxılırlar. Özlərini vaxtında əvvəl böyük futbolçu hesab edirlər. Mentalitet və xarakter problemi böyümələrinə imkan vermir.

Öyünə biləcəklərimiz yalnız Rusiyada yetişən Ramil, Emin, Azər, Ayaz kimilərdir ki, onlar da 3-5 illik orta səviyyəli oyunçulardır.

Odur ki, Azərbaycan futbolunun bəlasını ölkədə lazımi şəraitin olmaması və uşaq futbolundakı problemlərlə əlaqələndirməyin adı yoxdur.

Bizimkilər heç Avropada da yetişə bilmir. Halbuki istənilən ölkədə hansı blokun qapısını döysən, içəridən mütləq bir azərbaycanlı çıxacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?