Mahirin “Legiya” və “Dinamo” müqayisəsi – BU, HƏR KƏSİ ŞOKA SALACAQ!

13 Oktyabr 2022 22:20 Araşdırma 1 905
Mahirin “Legiya” və “Dinamo” müqayisəsi – BU, HƏR KƏSİ ŞOKA SALACAQ!

Mahir Emrelinin Zaqreb “Dinamo”sundakı işləri qaydasında getmir.

Xorvatiyaya üz tutduğu ilk dönəmdə baş məşqçinin etimadını qazanan yığmamızın üzvü ötən mövsüm pis-yaxşı diqqətləri üzərinə çəkməyi bacarırdı.

Lakin yaydan bu yana kölgəyə çəkilib. Vaxtının çoxunu zədəsini sağaltmağa ayırır, bəzi hallarda da zədədən qayıtdığı üçün meydana çıxmaqdan məhrum olur.

Fakt budur ki, Mahir bu gün “Dinamo”nun aparıcı simalarından deyil.

Halbuki “Legiya”da başına and içir, şəninə nəğmələr qoşur, polşalı fanatlar onu az qala əllərində gəzdirirdi.

Lakin dekabrda baş verən məlum avtobus olayından sonra fiziki təzyiqə məruz qalan azərbaycanlı Polşaya qayıtmaqdan imtina etdi. Və bununla da yüksəlişdə ikən özünü dağdan aşağı atdı.

Mahirin 6 aylıq “Legiya” karyerasının statistikasına nəzər yetirək.

Ekstraklassa – 15 oyun, 868 dəqiqə, 2 qol, 1 assist

Polşa kuboku – 3 oyun, 168 dəqiqə, 1 qol

Polşa superkuboku – 1 oyun, 32 dəqiqə, 1 qol

Avropa Liqası (qrup) – 6 oyun, 417 dəqiqə, 2 qol

AL təsnifat – 2 oyun, 170 dəqiqə, 3 qol

ÇL (təsnifat) – 6 oyun, 420 dəqiqə, 2 qol, 1 assist

Ümumiləşdirsək, Emreli Polşada olduğu dönəmdə 33 qarşılaşmada 2075 dəqiqə mübarizə aparıb, 11 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.

Bəs, Xorvatiyadakı durumu necədir?

Öncə ötən mövsümün fevralından mayına qədər olan zaman kəsiyinə baxaq.

HNL – 8 oyun, 466 dəqiqə, 2 qol

Avropa Liqası – 2 oyun, 61 dəqiqə

Cari mövsümdəki göstəriciləri isə əvvəlkindən də bərbaddır.

HNL – 5 oyun, 92 dəqiqə, 1 qol

ÇL (təsnifat) – 2 oyun, 81 dəqiqə

“Dinamo”da futbol oynadığı 7 aydakı vəziyyətə göz gəzdirəndə ortaya çıxan mənzərə belədir: 17 oyun, 700 dəqiqə, 3 qol.

Mahirin özü statistika həvəskarıdır, ya yox, demək çətindir. Amma 6 ayla 7 ayın müqayisəsini aparanda ortaya bütün yarışlarda kəskin fərqlər çıxır. Karyerasının ən parlaq dönəmini keçirən 25 yaşlı futbolçu “Dinamo”da “Legiya”da etdiklərinin 3-də 1-ni edə bilmir.

“Dinamo”da heyət genişdir, rəqabət güclüdür, zədələr və sair kimi əsasları anlayışla qarşılamaq olar və qarşılayırıq da. Amma bir şeyi anlamaqda hər bir azərbaycanlı futbol azarkeşi çətinlik çəkir. Mahir bu gedişlə nəyə ümid edir?

Maraqlısı bilirsiniz nədir? Polşada duruş gətirə bilməyən, Xorvatiya nəhəngində aparıcı simaya çevrilməyən futbolçu 1 il ərzində “Dinamo” ilə çempion olub, superkuboku qazanıb, “Legiya”da isə superkuboku başı üzərinə qaldırıb.

Deyəsən futbol da Mahirlə zarafat edir axı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti