Bakıda "Qarabağ" və "Olimpiakos" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Kreyq Pausona Li Betts və Yan Hassin laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.
Hakimlik karyerasının son dönəmini yaşayan 43 yaşlı Pauson 29 ildir ciblərində vərəqə, ağzında fit gəzdirir.
1993-cü ildə bu sənətdə ilk addımlarını atan təcrübəli referi 2013-cü ildən İngiltərə Premyer Liqasında, 2014-cü ildən isə beynəlxalq arenalarda hakimlik edir.
O, bu müddətdə avrokuboklarda 44, milli komandalar səviyyəsində 23 oyun olmaqla ümumilikdə 67 qarşılaşmanın iştirakçısı olub.
Kreyq bu 2015-dən bu yana yalnız bir dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edib. 2017-ci ilin avqustunda, “Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Bakcell Arena”da “Panatinaikos”la qarşılaşanda meydanda əsas söz sahibi məhz bu şəxs olub.
Həmin matçda qəbələlilər hesabı açsa da, Yunanıstan təmsilçisi 2 qol vuraraq qələbə qazanıb.
Pauson oktyabrda İngiltərə Premyer Liqa çərçivəsində baş tutan “Kristal Palas” – “Çelsi” (1:2) və “Nyukasl” – “Brentford” (5:1) matçlarında dördüncü hakim funksiyasını yerinə yetirib.
Oktyabrın 16-da isə Kriştiano Ronaldolu “Mançester Yunayted”in “Nyukasl”la görüşündə iş başında olacaq.
Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

