AFFA İcraiyyə Komitəsinin oktyabrın 4-də baş tutan iclasında mühüm qərar qəbul olundu.
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi növbəti seçmə mərhələnin sonuna qədər ölkəmizdəki fəaliyyətini davam etdirəcək.
İtalyan çalışdırıcı ilə anlaşmanın yenilənməsindən sonra bir neçə sual yarandı:
1. Canni de Byazi Millətlər Liqasındakı fəaliyyəti ilə bağlı hesabatı AFFA rəhbərliyinə nə vaxt və harada təqdim etdi?
2. Qarşısına qoyulan hədəfin öhdəsindən gəlməyi bacardımı?
3. Növbəti mərhələdə öhdəliyi nə(lər)dən ibarətdir?
Komitənin iclasından sonra qeyd olunan məsələlərlə bağlı açıqlama verilmədi. Yalnız müqavilənin yenilənməsi diqqətə çatdırıldı, vəssalam.
Suallara cavab tapmaq üçün həmin gün iclas iştirakçıları ilə eyni masa arxasında əyləşmiş, görüşdəki müzakirələrə qulaq şahidi olmuş AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin Firuz Abdulla ilə əlaqə saxladıq.
Qurum rəsmisi yalnız ilk suala cavab verə biləcəyini söyləyib, digər suallara cavab tapmaq üçün başqa ünvanı nişan verdi:
“Canni de Byazi Azərbaycanda deyil. Buna baxmayaraq, İcraiyyə Komitəsinin iclasına onlayn formatda qoşulub hesabatını verdi. Öncə hesabatı təqdim etdi, daha sonra həmin məsələyə baxıldı.
Digər suallar birbaşa İcraiyyə Komitəsinin qərarları ilə bağlı olduğu üçün şərh verə bilməyəcəyəm.
Bəli, iclasda iştirak etmişəm. Amma görüş mətbuata qapalı keçirildiyi üçün ictimaiyyətə açıqlama vermək səlahiyyətim yoxdur.
Yaxşı olardı ki, iclasda iştirak etmiş və açıqlama vermək səlahiyyəti olan İcraiyyə Komitəsinin üzvlərindən biri ilə danışasınız. Üzvlər mətbuata danışmaqda sərbəstdirlər”.
AÇ-2024-ün seçmə mərhələ oyunları 2023-cü ilin mart-noyabr ayları arasında keçiriləcək. Yəni Canni de Byazi azı gələn ilin noyabrına kimi millini çalışdıracaq.
SPORTİNFO.AZ

