Ermənistandan Qarabağa gələnləri Azərbaycan necə yoxlayacaq?

3 Oktyabr 2022 01:20 Araşdırma 805
Ermənistandan Qarabağa gələnləri Azərbaycan necə yoxlayacaq?

Rusiya baş nazirinin müavini, nəqliyyat və kommunikiasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun həmsədri Aleksey Overçuk ötən həftə Ermənistanda olub.

Overçuk Ermənistan-Rusiya iqtisadi forimunda iştirak edib, bu ölkənin rəhbərliyi ilə müzakirələr aparıb.

Səfəri və kommunikasiyalar açılması baradə danışıqların hazırkı səviyyəsi barədə “Rossiyskaya qazeta”ya geniş müsahibəsində baş nazir müavini maraqlı açıqlamaları ilə diqqət çəkib.

O deyib ki, Ermənistanın inkişafı yalnız nəqliyyat blokadasından çıxdıqdan sonra mümkündür: “Ermənistan yaxşı bilir ki, ölkənin gələcək iqtisadi inkişafını nəqliyyat blokadası əngəlləyir. Bu gün onun aradan qaldırılmasına bir addım qalıb”.

Overçukun müsahibəsində ən diqqət çəkən məqamlardan biri Ermənistan-Azərbaycan arasında gediş-gəlişlə bağlı mümkün razılaşmalardır. O qeyd edib ki, Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana getmək və geri qayıtmaq imkanı olacaq. “Prinsip belədir: yol üzərində suverenliyi yolun ərazisindən keçən ölkə həyata keçirir. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistanın yoludur, Əgər Azərbaycan ərazisindən keçirsə, onda Azərbaycanın yoludur”.

Overçuk “lakin yolların açılması və ya tikintisi, eləcə də bu yollarla hərəkət yalnız tərəflər arasında sərhədin hüquqi rejimini müəyyən etdikdən sonra mümkündür” deyə, bildirib. İşçi Qrupunun həmsədri deyib ki, kommunikasiyaların açılması üç ölkə liderinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında öz əksini tapıb. “Bu o deməkdir ki, üçtərəfli İşçi Qrupun danışıqlarında hər hansı bir şəkildə tərəflərin suverenliyini pozan heç bir “ərazidənkənar” dəhlizdən söhbət getmir və gedə də bilməz. Praktikada bu prinsipin həyata keçirilməsi o deməkdir ki, Azərbaycandan Ermənistan ərazisinə blokdan çıxarılmış və ya yeni salınmış yollarla daxil olmaq üçün sərhəd və pasport nəzarəti tədbirləri olacaq. Məsələn, İrandan Ermənistana daxil olarkən aparılan qayda ilə eyni olacaq. Eynilə, Ermənistandan Azərbaycana girişdə pasport nəzarəti olacaq”.

Bundan əlavə, onun sözlərinə görə, tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq avtomobil yollarından istifadəyə görə haqqın ödənilməsi, o cümlədən bir ölkənin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin digər ölkənin ərazisindən keçməsinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilir: “Danışıqlar o zaman başa çatacaq ki, bütün hüquqi aspektlər nəzərə alınsın, heç nə unudulmasın və heç kim əldə olunan nəticəni qarşı tərəf üzərində qələbə kimi şərh etməsin ”. O, həmçinin vurğulayıb ki, nəqliyyat əlaqələrinin açılması bütün tərəflər üçün faydalıdır: “Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı olacaq. Ermənistan isə vətəndaşlarının Azərbaycan ərazisindən keçməklə nəqliyyat vasitələrini və yüklərini Rusiya, İran, Orta Asiya və geriyə sərbəst şəkildə hərəkət etdirmək imkanı əldə edə biləcək. Və bu, qarşılıqlı hərəkatdır, ticarət və insani əlaqələrin inkişafı, dediyim kimi, nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlayacaq. Biz bunun üçün çalışırıq”.

Orxan ƏLİYEV

Digər Xəbərlər
Xəbər Lenti