Göz(ümüz)ə soxulan 9 xal

29 Sentyabr 2022 19:00 Araşdırma 1 830
Göz(ümüz)ə soxulan 9 xal

Azərbaycan yığması Millətlər Liqasında meydana çıxdığı son 2 oyunu da qələbə ilə başa vurmaqla milli tarixində ilk dəfə ardıcıl 3 matçda qalibiyyətə sevindi.

Belarus üzərində əldə olunan zəfər yaxın keçmişdir deyə, üstündə dayanmağın adı yoxdur. İndiki halda əsas söhbət mövzusu Slovakiya və Qazaxıstanla görüşlərdə qazanılan 6 xaldır.

Bəli, bu cür uğurlar Azərbaycan futboluna və onun azarkeşinə lazımdır. Amma qələbələrin hansı vəziyyətdə və necə qazanılması kifayət qədər maraqlı sualdır ki, hörmətli oxucular məsələdən xəbərdardır.

Baş məşqçi Canni de Byazi ölkə futbolunda bir ilk olan ardıcıl 3 qələbəni əlində bayraq edib gəzdirsə də, yığmanın gələcəyi heç də parlaq görünmür. Çünki millinin hansısa fövqəladə çıxışını, yaxud oyun planında xüsusi irəliləyişə nail olduğunu görmədik.

Hələ matçlardan əvvəl italiyalı çalışdırıcının sərəncamında olacaq futbolçuların adını görəndə yazmışdıq ki, sentyabrın 22-də və 25-də milli formasını tərlədəcək futbolçular klublarda ideal çıxışla yadda qalmaqdadır, legionerlərin sayı çoxdur, tsiklin sonudur, əhval-ruhiyyə yaxşıdır və s. və i.

“Qarabağ”ın üzvləri öz oyunu ilə “Frayburq”, “Nant” demədən Avropaya səs salmaqdadır. “Neftçi”nin futbolçularının indiki anda psixoloji hazırlığı lazım olan səviyyədədir. “Sabah” tarixinin ən yaxşı günlərini yaşayır və əldə olunan qələbələrdə milli futbolçuları xüsusi pay sahibidir. Renat Dadaşov, Ozancan Kökçü kimi legionerlər Avropa klublarında mütəmadi şans qazanır.

Bəs, rəqiblərin vəziyyəti necəydi?

Slovakiya millisində nəsildəyişmə prosesi gedir, amma buna baxmayaraq Trnavada üstün görünən tərəf meydan sahibləri idi. Qapımıza vurulan 16 zərbədən 5-ni Şahruddin zərərsizləşdirdisə, top 2 halda dirəyə-tirə dəydisə, topa sahibolma nisbəti 58-in 42-yə rəqibin xeyrinə oldusa, oyun planında artırmaqdan danışmaq yersizdir.

Hələ üstəlik, rəqib qrup liderliyini əldən verməklə bağlı sarsıntı yaşayırdı, bizimkilər də bundan maksimum yararlanmağa nail oldu.

Qazaxıstanla oyundakı parlaq qələbəni kiçiltmək niyyətindən uzaq durmağa çalışsam da, içimdən gələn səsi mütləq çatdırmalıyam. Mənə görə qazaxlar 60 dəqiqə azlıqda oynamasaydı, bizimkilər 3 xal bir tərəfə, 1 xalı bayram havasında qeyd edəcəkdi.

İlk hissədə azlıqda qaldılar, bundan sonra 10 nəfərlə düz yarım saat qapılarında top görmədilər. Avtoqoldan sonra komanda çökdü. Öz aramızdır, azlıqda qala-qala qapısından ilk topu 66-cı dəqiqədə buraxan rəqib 11 nəfərlə oynasaydı, görün, nələr edərdi.

İstənilən halda qələbə şirindir və yenə deyirəm, uğuru kiçiltmək niyyətindən uzağam. Futbolçular meydanda 180 dəqiqə tər töküb, zəhmət çəkib. Ancaq rəqiblərin durumunu göz önünə almayıb uğuru italyan məşqçinin ayağına yazmaq məntiqsizlikdir.

Bu komandaya, bu futbolçulara istənilən azərbaycanlı məşqçi rəhbərlik edə bilər. Özündənrazı, mübarizədən əvvəl Slovakiyanı qrupun favoriti göstərən, Qara Qarayevi millidən uzaqlaşdırmasının səbəbini açıb deyə bilməyən adamdan milliyə dərman olmaz və olmayacaq da.

Son söz təbii ki, AFFA-ya rəhbərlik edənlərindir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!