Bölgə klubunda son gəlişmə - 3 məsələ müzakirə olunacaq

21 Sentyabr 2022 20:00 Araşdırma 693
Bölgə klubunda son gəlişmə - 3 məsələ müzakirə olunacaq

“Şamaxı”nın gündəmi yenə doludur.

Yay hazırlığı dönəmində toplanışa ən gec başlayan komandaya legionerlərlə bağlı transfer yasağı qoyulması azmış kimi, bölgə təmsilçisi heyətdə görmək istədiyi bəzi yerli futbolçulara qovuşa bilmədi.

Mövsüm başladı, Amil Yunanov “vuran ayaq” rolunu üstünə götürmək istədi və çox keçmədən zədələnərək əməliyyata ehtiyac duydu.

Yerli azarkeşlər cari çempionatın az xal xal toplayan komandasının “Kəpəz”lə qarşılaşmada qələbəni bayram edəcəyini gözləyirdi ki, bu şans da əldən çıxdı.

“Şirlər” Gəncə təmsilçisinə 1:2 hesabı ilə uduzmaqla sonuncu pillədəki mövqeyini “bərkitdi”. İndi isə azarkeşlərin problemi baş qaldırıb.

“Sektor 56” özlərinə münasibətindən razı deyil. Narazılıq səfər oyunlarının təşkili və Şamaxıdakı oyunlar zamanı tribuna seçimi ilə bağlıdır.

Mövsümün startında “Qarabağ” və “Qəbələ” ilə qarşılaşmalar üçün azarkeş qrupuna nəqliyyat vasitəsi ayrılıb. Lakin “Sumqayıt”la görüşdə bəzi fanatlar Sumqayıta ciblərinin pulu ilə səfər edib.

Soyuq münasibətdən qıcıqlanan azarkeşlər “Kəpəz”lə Qəbələdəki oyunu boykot edib. Daha doğrusu, 2-3 nəfər şəxsi vəsaiti hesabına ora gedib.

Ev oyunları ilə bağlı əsas problem asayiş keşikçilərinin qrup üzvlərinə qadağa qoymasıdır.

Dünya, hətta Azərbaycan arenalarında belə, futbolsevərlərin 90 dəqiqə ərzində qurşağa qədər soyunmasına rast gəlmişik və gəlməkdəyik. Şamaxıda buna icazə verilmir. Səbəb həmin mənzərənin kənardan yaxşı görünməməsidir.

Bununla yanaşı, rəqibləri qıcıqlandıran bəzi bəstələrin səslənməsinə də qadağa qoyulub.

Bəstə etik normaları aşmamalıdır! Barabandan mütəmadi istifadə etmək də qadağandır. Səsi oyunu izləyənlərin başına düşür.

“Sektor 56”nı narahat edən məqamlardan biri də Şamaxıdakı oyunlar zamanı onların mərkəz tribunadan sağda yer almasıdır.

Yerli fanatlar mərkəzdən solda, qonaq azarkeşlərə yaxın yerdə oturmaq istəyir. Buna isə təhlükəsizliyin qorunması məqsədi ilə icazə verilmir. Yəni yerli və qonaq fanatlar stadionun əks tribunalarında yer almalıdır.

Yaranmış vəziyyətdən sonra sözügedən qrupun üzvləri “Şamaxı”nın ev və səfər matçlarını boykot edib. Bundan sonra komandaya qrup halında dəstək verməməyi qərara alan futbolsevərlər niyyəti klub rəsmilərinə çatdırıb.

“Şamaxı” rəhbərliyi isə bunda maraqlı deyil. Əksinə, fanatlarla görüşmək, onlarla dil tapmağa çalışır.

Bu həftənin cümə axşamı, uzağı cümə günü rəsmilərlə “Sektor 56”nın əsas şəxsləri arasında baş tutacaq görüşdə problemlərin həll olunacağı gözlənilir.

Görüşdə3 məsələ müzakirə olunacaq.

- səfər oyunları üçün nəqliyyat vasitəsinin təşkili

- ev oyunları zamanı tribuna seçimi

- ev oyunları zamanı polislərin azarkeşlərə müdaxiləsi

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti