“Sportinfo” Respublika stadionundakı problemin kökünü tapdı

18 Sentyabr 2022 21:00 Araşdırma 1 591
“Sportinfo” Respublika stadionundakı problemin kökünü tapdı

Yenə “Qarabağ”ın avrokubokda ev oyunu, yenə Tofiq Bəhramov adına Respublika stadionu və yenə meydanın acınacaqlı vəziyyəti...

İllərdir davam edən xoşəgəlməz mənzərə “Nant”la oyunda növbəti dəfə özünü göstərdi.

Texnikalı futbol sərgiləyən “Qarabağ”lı futbolçular bir çox hallarda dəqiq ötürmələr verməkdə çətinlik çəkir, topu qəbul etməkdə problemlə üzləşir, rəqib oyunçular otun yerdən qopmasına təəccüblənirdi.

Respublika stadionunun qazonu artıq neçə ildir bu vəziyyətdədir. İndiyə qədər rəqib məşqçi və futbolçular məlum durumla bağlı dəfələrlə xoş olmayan ifadələr işlətsə də, problem həllini tapmır ki, tapmır.

Meydanın müxtəlif yerləri saraldığına görə rənglənir, oyunun gedişində ot torpaq qarışıq yerdən qoparaq gülünc vəziyyətin yaranmasına səbəb olur.

İllərini bu sahəyə verən, ölkədəki stadionların vəziyyətindən xəbərdar olan mütəxəssislə söhbətdə problemin kökünü aydınlaşdırmağa çalışdıq.

Həmin şəxs obyektiv və subyektiv səbəblərdən adının mətbuatda hallanmasını istəmədiyini bildirdi.

Deməli, problemin kökü 2012-ci ildə qoyulub, arena yenidən qurulanda, meydan təzələnəndə. Avropada, hətta dünyanın əksər ölkələrində yeni standartlara uyğun olaraq otun altına 100 faiz qum qatı səpilir.

Bu, əksər ölkələrdə müsbət effekt verib. 10 il əvvəl mütəxəssislər stadiona baxış keçirəndə Bakının mərkəzindəki meydanın da qum qatından ibarət olmasını, üstünə toxum səpilməsini və ot olmasını məqsədəuyğun sayıb.

Heç bir torpaq qarışığı olmadan 100 faiz qum səpilib. Bakı və Abşeron yarımadasında yay aylarında müşahidə olunan hava şəraiti nəzərə alınmayıb. Beynəlxalq standartlara uyğun addım atılıb.

Bu gün Respublika stadionunun qazonu 30 santimetr qalınlığında qumun üzərindədir. Bu isə yay aylarında otun kökünün dərinə getməsinə, bərkiməsinə imkan vermir.

Ota lazımınca qulluq olunur, dərman və gübrələr verilir, vaxtında sulanır, di gəl, otun kökü qumda bərkimir, dərinə getmir. Qazon kövrəkdir, yumşaqdır. Və bu səbəbdən örtük xalça vəziyyətində deyil, zaman-zaman qopmalar olur.

O ki qaldı qazonun rəngləniş təsiri bağışlamasına, əslində ota heç bir rəng vurulmur. Sadəcə rəngi nisbətən açıq olduğundan, kənardan belə görünür. Bəs, rənglər bir-birindən niyə fərqlənir?

İş burasındadır ki, meydanda el arasında çayır kimi səslənən yabanı otlar bitməkdədir. Çayır ota nisbətən daha möhkəmdir.

Amma ilboyu eyni rəngdə qalmır. Fəsilə uyğun olaraq tünd və açıq rənglərdə dəyişir. Təbii, çayırın ora necə düşüb yayılması da bir aydı dərddir, söhbət mövzusudur.

Yəni Respublika stadionunun meydanı tam yenilənməsə, hər ilin isti yay aylarında eyni mənzərəyə şahidlik edəcəyik.

“Qarabağ”ın “Olimpiakos” və “Frayburq”la ev oyunları oktyabr və noyabr aylarına təsadüf edəcəyindən, vəziyyət indikinə nisbətən yaxşı olacaq. Əla yox ha, indikinə nisbətən yaxşı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti